Zəngəzura sitəm etdi, Ermənistanla anlaşdı: İranın məqsədi nədir?
İran və Ermənistan iki ölkə arasındakı sərhəddə sadələşdirilmiş (“yaşıl”) gömrük dəhlizi yaratmaq barədə razılığa gəliblər. Məlumata görə, İranın iqtisadiyyat nazirinin müavini və Gömrük İdarəsinin rəhbəri Fərud Əsgəri ilə Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan arasında Culfada keçirilən görüşdə razılıq əldə olunub.
Görüşün yekununda tərəflər İran Gömrük Xidməti ilə Ermənistan Dövlət Gəlirləri Komitəsi arasında gömrük əməkdaşlığının genişləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi haqqında protokolu imzalayıblar. İran-Ermənistan sərhədində sadələşdirilmiş “yaşıl” gömrük dəhlizinin tətbiq edilməsi barədə razılığa gəlib. Norduz-Meğri sərhəd-keçid məntəqəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılması gömrük prosedurlarının tamamlanmasını sürətləndirməli və yüklərin gözləmə müddətini azaltmalıdır.
İran bir tərəfdən ABŞ-nin Zəngəzur dəhlizində iştirakına sitəm edir, bu tərəfdən Ermənistanla “yaşıl” dəhliz yaradır. Bunu necə başa düşə bilərik?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Yusif Bağırzadə bildirib ki, İranın Ermənistanla Norduz–Meğri istiqamətində sadələşdirilmiş yaşıl gömrük dəhlizi yaratmaq barədə razılaşması ilk baxışdan Tehranın Zəngəzur dəhlizinə, xüsusilə də ABŞ-nin Cənubi Qafqazda artan roluna münasibəti ilə ziddiyyətli görünə bilər:

“Lakin əslində İran burada iki fərqli məsələni bir-birindən ayırır. Birincisi, İran-Ermənistan arasında mövcud dövlət sərhədindən keçən ticarətin asanlaşdırılması, ikincisi isə Ermənistan ərazisində nəqliyyat bağlantısının hansı hüquqi və geosiyasi model əsasında təşkil olunmasıdır.
İranın Culfa şəhərində keçirilən son görüşün nəticəsi olaraq tərəflər gömrük əməkdaşlığının genişləndirilməsi, yüklər barədə əvvəlcədən elektron məlumat mübadiləsi və gömrük prosedurlarının sürətləndirilməsi ilə bağlı protokol imzalayıblar. Ermənistan hökumətinin açıqlamasına görə, “Sadələşdirilmiş Gömrük Dəhlizi” əsasən aşağı riskli və qanunlara əməl edən iqtisadi operatorlar üçün nəzarət və rəsmiləşdirmə prosedurlarının asanlaşdırılmasını nəzərdə tutur”.
Ekspertin sözlərinə görə, bu, mahiyyət etibarilə yeni geosiyasi dəhlizin yaradılması deyil:
“Söhbət mövcud Norduz–Meğri sərhəd-keçidindən istifadə edən yükdaşımaların daha sürətli və səmərəli təşkilindən gedir. Bunun İran üçün iqtisadi əhəmiyyəti də böyükdür. Ermənistan İranın Qafqaza və daha geniş Avropa bazarlarına çıxış istiqamətlərindən biridir. Tehran həmçinin Ermənistanla sərhədinin regional kommunikasiya layihələri nəticəsində zəifləməsini və ya əhəmiyyətinin azalmasını istəmir.
Məhz burada Zəngəzur məsələsi ilə əsas fərq ortaya çıxır. İranın rəsmi mövqeyinə görə, Cənubi Qafqazda kommunikasiyaların açılmasına prinsipial etiraz yoxdur. Tehran əsas şərt kimi yolların keçdiyi dövlətlərin suverenliyinin və yurisdiksiyasının qorunmasını vurğulayır. İranın Ermənistandakı səfiri Mehdi Sobhani də sentyabrın əvvəlində bildirmişdi ki, bütün proseslər Ermənistan dövlətinin suverenliyi çərçivəsində həyata keçirilməlidir.
Deməli, İranın narahatlığı hazırda yolun özündən daha çox onun idarəetmə və təhlükəsizlik modelinə aiddir. Təbii ki, əslində digər narahatlıqlar da var, lakin onları səbəb kimi önə sürmək mümkün olmadığı üçün Tehran təhlükəsizlik, idarəetmə və suverenlik məsələlərini ön plana çıxarır. Tehran ABŞ-ın iştirakı ilə formalaşan yeni regional nəqliyyat mexanizmlərini Cənubi Qafqazda ABŞ-nin uzunmüddətli strateji mövcudluğunun potensial aləti kimi görür. Buna görə də, bir tərəfdən, Tehran belə təşəbbüslərə etiraz edir. Eyni zamanda, Ermənistanla ikitərəfli gömrük əməkdaşlığını genişləndirməklə özünün regiondakı iqtisadi və logistika mövcudluğunu qorumağa çalışır”.
Y.Bağırzadənin izahına görə, İranın bu istiqamətdəki siyasətində iki paralel xətt görünür:
“Ermənistanla iqtisadi və nəqliyyat əlaqələrini mümkün qədər genişləndirmək, lakin regionda üçüncü ölkələrin, xüsusilə ABŞ-nin nəqliyyat və təhlükəsizlik infrastrukturu üzərində həlledici rol əldə etməsinə imkan verməmək. “Yaşıl dəhliz” bu baxımdan İran üçün həm iqtisadi layihə, həm də özünün regional tranzit rolunu qoruma vasitəsi kimi qiymətləndirilə bilər.
Bu razılaşmanın mühüm nəticələrindən biri də odur ki, Tehran Ermənistanın nəqliyyat imkanlarından kənarda qalmaq istəmir. Əksinə, İran öz marşrutlarını və sərhəd-keçidlərini daha səmərəli etməklə regional bağlantı prosesində alternativ və birbaşa iştirakçı olaraq qalmağa çalışır”.
Qiymət Mahir