Almaniyada İran və husilərə qarşı gizli görüş - NƏ BAŞ VERİR?
İsrail, ABŞ və ərəb ölkələrinin hərbi rəhbərləri Almaniyada qapalı görüş keçiriblər. Görüşdə İranla müharibə, Yaxın Şərqdə təhlükəsizlik və husilərin hücumları müzakirə olunub. Görüş ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperin təşkilatçılığı ilə keçirilib. Danışıqlarda İsrail, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirdən nümayəndələr iştirak edib. ABŞ əvvəlcə husilərlə müharibəyə birbaşa müdaxilə etməyəcəyini açıqlasa da, indi İsrail və ərəb ölkələrinin hərbi rəhbərləri ilə qapalı görüş keçirir.
Bu, Vaşinqtonun mövqeyində dəyişiklik kimi qiymətləndirilə bilərmi və ABŞ-nin regional prosesə hərbi müdaxilə ehtimalını artırırmı?
Sözügedən məsələ ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV -yə bildirib ki, husilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirmələri bütün dünya üçün çox ciddi problemdir və neft qiymətlərinin təhlükəli həddə qədər yüksəlməsinə gətirib çıxara bilər.

O, qeyd edib ki, digər tərəfdən, husilər Yəmənin neft-qazla zəngin ərazilərinə də yaxınlaşmaqdadırlar:
"Əgər bu ərazilər də ələ keçirilərsə, husilərin iqtisadi gücü son dərəcə artacaq və bölgə üçün təhlükə, təbii ki, xeyli çoxalacaq. Belə bir məqamda Amerika Birləşmiş Ştatları husilərə qarşı hərbi əməliyyatlar aparmaqdan imtina edib. Səbəb isə aydındır. Bir tərəfdən İrandakı uğursuz hərbi əməliyyatlar, digər tərəfdən isə yaxınlaşan aralıq seçkilər var. Seçkilərə təqribən ay yarım qalıb".
Analitik vurğulayıb ki, bu məqamda kəskin hərəkət etmək, husilərə qarşı ciddi hərbi əməliyyata başlamaq seçkilərə də çox ciddi təsir göstərə bilər:
"Buna görə, ABŞ hərbi əməliyyatlardan çəkinir. Ancaq eyni zamanda, ABŞ bölgədə ciddi şəkildə nüfuz itirməkdədir. Bölgə dövlətləri də ciddi şəkildə düşünürlər ki, ümumiyyətlə, Amerika Birləşmiş Ştatları ən çətin məqamda onlara kömək etmirsə, onun hərbi bazalarını saxlamağa ehtiyac varmı?
Mən güman edirəm ki, aparılan danışıqlara baxmayaraq, Amerika Birləşmiş Ştatları husilərə qarşı hərbi əməliyyatlara başlamayacaq. Çünki artıq təcrübədə bir neçə belə hərbi əməliyyat var: əvvəlcə koalisiya şəklində, daha sonra isə Trampın hakimiyyəti dövründə husilərə qarşı əməliyyatlar keçirilib və ciddi nəticə əldə olunmayıb".
O, hesab edir ki, husilərə qarşı heç bir hərbi əməliyyat ən azı seçkilərə qədər keçirilməyəcək:
"Seçkilərdən sonra isə ola bilsin ki, koalisiya şəklində həm İrana, həm də husilərə qarşı əməliyyat keçirilməsi məsələsi müzakirə olunsun. Çünki İran və husilər dünya üçün çox ciddi problemə çevriliblər. Neftin qiymətinin bir qədər də artması dünya iqtisadiyyatı üçün ciddi problemlər yarada bilər. Ancaq seçkilərə qədər mən kəskin addımların atılacağını düşünmürəm".
Jalə Rövşən