Almaniya Hərbi Dəniz Qüvvələrində ilk: Freqata qadın komandir təyin edildi
Almaniya Hərbi Dəniz Qüvvələrində tarix yazılıb.
TodayPress TV xəbər verir ki, Ute Niklas ölkənin hərbi donanmasında freqata komandirlik edən ilk qadın olub.
Vilhelmshavendə keçirilən mərasimdə "Rheinland-Pfalz" freqatının komandanlığı kapitan Benedikt Eyxhorndan Ute Niklasa təhvil verilib.
Niklas bildirib ki, komandanlığı həm həyəcanlı, həm də çətin bir dövrdə qəbul edir. Onun sözlərinə görə, gəminin yenidən tam döyüş hazırlığına gətirilməsi üçün bütün heyətin ciddi səyi tələb olunacaq.
Yeni komandirin F125 sinifli freqatlarda geniş təcrübəsi var. O, daha əvvəl gəmidə baş zabit vəzifəsində çalışıb və "Rheinland-Pfalz"ın heyəti, quruluşu və missiyaları ilə yaxından tanışdır.
Hazırda freqat dokda təmirdədir. Təmir başa çatdıqdan sonra gəminin yenidən dənizə çıxarılması və tam döyüş hazırlığına qaytarılması planlaşdırılır.
Bundesverdə qadınların sayı isə hələ də azdır. Rəsmi məlumatlara görə, Almaniya ordusunda 184 mindən çox hərbçinin təxminən 25 mini qadındır. Qadınlara Bundesverdə bütün hərbi karyera imkanları yalnız 2001-ci ildən etibarən açılıb.
Bununla yanaşı, Almaniya mediası orduda qadın hərbçilər üçün uyğun şəxsi avadanlıqların hələ də tam təmin edilmədiyini bildirir. Xüsusilə qadın anatomiyasına uyğun bədən zirehlərinin çatışmazlığı gündəmdə olan məsələlərdən biridir.
Türkan İsgəndərli