İslam dünyasına Azərbaycandan vacib xəbər - Prezident Əliyevdən tapşırıq
Prezident İlham Əliyev sentyabrın 15-də Bakıda beynəlxalq konfransın iştirakçıları ilə görüşündə müsəlman dünyasının birlik və həmrəyliyinin vacibliyinə diqqət çəkərək qarşıdurmaların və fikir ayrılıqlarının aradan qaldırılmasına çağırış edib. Prezident müsəlman aləminin vahid ailə kimi birləşməsinin vacibliyini vurğulayıb və İslam dininə zərbə vurmaq istəyən qüvvələrin qarşısının birgə səylərlə alınmasının mümkün olduğunu bildirib.
Bəs Prezidentin “müsəlman aləmi vahid bir ailə kimi birləşsin” çağırışının əsas mesajı nədən ibarətdir?
Sözügedən məsələ ilə bağlı din xadimi və yazar Tural İrfan TodayPress TV-yə açıqlamasında bildirib ki, hər şeydən əvvəl cənab Prezidentin bu çağırışlarının tamamilə dini dəyərləri əks etdirdiyini və İslam dininin, Qurani-Kərimin əsas ümumbəşəri prinsiplərini ehtiva etdiyini vurğulamaq lazımdır.

O, vurğulayıb ki, Qurani-Kərimdə də Allah-Təala insanları birliyə, vəhdətə və həmrəyliyə dəvət edir:
“Cənab Prezident bu dəyərləri və göstərişləri müasir yanaşmalarla yenidən xatırlatdı və müsəlmanların birliyini vacib hesab etdiyini vurğuladı. Eyni zamanda, mövcud təhlükələrdən bəhs edərək belə bir birliyin zəruriliyini diqqətə çatdırmış oldu.
Biz bilirik ki, xüsusən son dövrlərdə Qərbdə, Avropada formalaşmış səlibçi təfəkkürə malik ideoloji-siyasi institutlar, təəssüf ki, bunu bəzi dövlətlərin siyasətində də nümayiş etdirirlər. Biz bunu Qurani-Kərimin təhqir olunması və yandırılması, Həzrəti Məhəmməd peyğəmbərin təhqir edilməsi, müsəlmanların sıxışdırılması və islamofobiya kimi hallarda müşahidə edirik. Eyni zamanda, müsəlman ölkələrinə qarşı müxtəlif adlar altında həyata keçirilən təcavüzlər, İslamın tarixi, mədəni və dini irsinə qarşı törədilən vandalizm aktları da bunun müxtəlif formalarını əks etdirir”.
Ekspert xatırladıb ki, Qarabağ torpaqlarımızın işğalı zamanı dini, mənəvi və mədəni abidələrimizin təhqir olunmasına məhz səlibçi təfəkkürə malik Qərb dairələri dözümlü yanaşırdılar. Onlar bu vandalizm aktlarına səssiz qalırdılar. Bunun özü də həmin səlibçi təfəkkürün və İslama qarşı təcavüzkar yanaşmanın təzahürü idi:
“Şübhəsiz ki, bu hücumların qarşısında müsəlmanlar bir olmalı və Qurani-Kərimin ehtiva etdiyi prinsipləri qorumalıdırlar. Təbii ki, bəzi düşmən qüvvələr “parçala və hökm sür” siyasətini yürüdərək İslam daxilindəki müxtəlif məzhəb və təriqətlərin parçalanmasından da məharətlə istifadə edir, bu parçalanmanı daha da dərinləşdirir və aralarında ziddiyyətlər yaradırlar. Təriqətləri bəzən ekstremist, hətta terrorçu təşkilatlara çevirərək daha sonra həmin ölkələri terrora dəstək verməkdə ittiham edir, yaxud orada terrorçuların mövcudluğunu bəhanə gətirərək hücumlar həyata keçirir, hətta bəzi hallarda işğallar baş verir”.
Tural İrfan hesab edir ki, belə halların qarşısının alınması və bu kimi proseslərə rəvac verilməməsi üçün müsəlman birliyi və İslam vəhdəti çox vacibdir:
“Müsəlman aləmində mövcud olan bir çox problemin həlli də məhz bu vəhdət məsələsindən keçir. Əgər birlik, müsəlman həmrəyliyi olsa və İslam dünyası öz ali və müqəddəs dəyərləri ətrafında vahid bir ailə kimi birləşsə, şübhəsiz ki, heç bir düşmən qüvvə hər hansı müsəlman ölkəsinə təcavüz etməyə cəsarət edə bilməz.
Bu baxımdan, cənab Prezidentin bu fikirləri və mesajları İslam dünyası üçün çox dəyərlidir və qiymətlidir. Eyni zamanda, bir daha qeyd edirəm ki, bunlar müqəddəs kitablarda əksini tapan əmrlərin bir növ yenidən xatırladılmasıdır. Qurani-Kərimin və Həzrəti Məhəmmədin buyruq və göstərişlərinin bariz nümunəsidir. Çünki bizim dinimiz də bu cür dəyərlərin yaşadılmasını, insani, mənəvi və humanist dəyərlərin qorunmasını əmr edir”.
O, təcavüzlərin baş verdiyi və İslam aləminə qarşı islamofobiyanın mütəşəkkil şəkildə aparıldığı bir dövrdə bu birliyin daha böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb:
“Müsbət hallardan biri də odur ki, Azərbaycan özü bu məsələdə tolerantlığı, milli birliyi, dini vəhdəti və eyni zamanda dövlətin həyata keçirdiyi dövlət-din siyasətinin səmərəliliyi ilə İslam dünyasına öncüllük edə biləcək bir durumdadır. Bu gün dövlət başçımızın mesaj və bəyanatlarından da görünür ki, pozulmuş İslam vəhdətinin yenidən bərpa olunmasına, müsəlmanların birləşdirilməsinə Azərbaycan öz töhfəsini verə biləcək imkanlara malikdir”, - ekspert fikrini tamamlayıb.
Jalə Rövşən