Pulun keçmədiyi an: Messinin 500 milyon avroluq təklifə verdiyi cavab
“İnter”in keçmiş prezidenti Massimo Moratti 2012-ci ildə “Barselona”nın hücumçusu Lionel Messini transfer etmək üçün atdığı addımdan danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Sport.es” nəşrinə açıqlama verib.
Sabiq klub rəhbəri argentinalı ulduz üçün inanılmaz məbləğ təklif etdiyini bildirib. Moratti həmin günləri belə xatırlayıb:
“2012-ci ildə dəlilik etdim. Messiyə 500 milyon avro təklif göndərdim. O dövr üçün bu, ağlasığmaz bir məbləğ idi. Danışıqlar aparmaq üçün vitse-prezidentimi Barselonaya yolladım. Lakin Messi təklif məktubunu heç açmadı və nə qədər pul təklif edildiyindən xəbərsiz qaldı. O, detallara belə varmadan təklifi rədd etdi, çünki özünü karyerası boyunca başqa komandaya satılmayacaq bir futbolçu hesab edirdi.
Sonra Messi ilə şəxsən əlaqə saxlaya bildim. O mənə dedi: “Mənə olan marağınızı yüksək qiymətləndirirəm, amma karyeramı “Barselona”da bitirmək istəyirəm”. Onun cavabı belə sadə oldu. O, “Barselona”da qalmaq istəyirdi. Vəziyyəti başa düşürdüm, amma onu pulla yoldan çıxarmağa çalışdım - bu isə işə yaramadı”.
Namiq HUN