XƏBƏR SIZDI: Ermənistan Amerikanın tələbi ilə İranla sərhədi bağlayır
Ermənistanın ABŞ-dəkı səfiri Narek Mkrtçyan ABŞ-nin müttəfiq və tərəfdaş ölkələrə İranın təcrid olunması ilə bağlı verdiyi təklifi nəzərdən keçirəcəklərini bildirib.
TodayPress TV xəbər verir ki, Mkrtçyan bu barədə “The Hill” nəşrinə müsahibəsində danışıb.
Nəşrin müxbiri səfirdən ABŞ-nin İranı təcrid etmək məqsədilə səyləri birləşdirmək təklifinin Ermənistan tərəfindən nəzərdən keçirilib-keçirilməyəcəyini soruşub.
Narek Mkrtçyan cavabında dünyada müzakirəyə və dialoqa açıq olmayan məsələnin olmadığını deyib.
“Dünyada müzakirə olunmayan heç bir məsələ yoxdur. Hər şey müzakirə və dialoq üçün açıqdır”, – səfir bildirib.
Mkrtçyan müsahibəsində Ermənistanın İranla münasibətlərinə də toxunub. O, İranın Ermənistan üçün yaxın qonşu olduğunu və iki ölkə arasında normal münasibətlərin qorunmasının vacib olduğunu vurğulayıb.
Səfir TRIPP layihəsinin İran və ya Rusiya da daxil olmaqla hər hansı üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, layihənin uğurla həyata keçirilməsi üçün Ermənistanın İranla dinc sərhədə və dostluq münasibətlərinə malik olması vacibdir.
“Biz həmçinin qonşumuz İranı bu layihə barədə məlumatlandırdıq. İran bizim yaxın qonşumuzdur. Orada erməni icması var və İranla normal münasibətlərə ehtiyacımız var. Bu layihənin uğurla həyata keçirilməsi üçün dinc sərhəd və İranla dostluq münasibətlərinin olması vacibdir”, - Narek Mkrtçyan deyib.
O əlavə edib ki, Ermənistan qonşularına TRIPP-in onlara qarşı yönəlmədiyini izah etməyə davam edəcək. Səfir layihənin əsas məqsədinin əlaqə, infrastruktur və ticarət olduğunu, potensial hərbi əməliyyatlarla bağlı olmadığını vurğulayıb.
Mkrtçyan TRIPP layihəsinin açılış mərasiminin 2027-ci ilin əvvəlində keçirilməsinin mümkün olduğunu da qeyd edib.
Ermənistanın ABŞ-dəkı səfiri layihə çərçivəsində ölkəsinin suverenliyinin qorunacağını xüsusi vurğulayıb. Onun sözlərinə görə, gömrük nəzarəti, vergilər, fövqəladə halların idarə olunması, polis və təhlükəsizlik məsələləri Ermənistanın dövlət qurumları tərəfindən müəyyən ediləcək.
“Bu layihə Ermənistanın suverenliyi altında olacaq”, – səfir bildirib.
Mkrtçyan qeyd edib ki, Vaşinqtonda imzalanmış sülh bəyannaməsində Ermənistanın suverenliyi, ərazi bütövlüyü, müstəqilliyi və müstəqil qərar qəbul etmək hüququ əsas prinsiplər kimi təsbit olunub.
Müsahibə zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə-Naxçıvan dəmir yolunun Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi ilə bağlı açıqlamasına da diqqət çəkilib.
Onun sözlərinə görə, həmin hissədə bütün əsas idarəetmə və təhlükəsizlik funksiyaları Ermənistanın dövlət qurumlarının səlahiyyətində olacaq.
Səfir İrəvanın Rusiyadan uzaqlaşaraq ABŞ-yə yaxınlaşması ilə bağlı sualı da cavablandırıb.
O, belə bir prosesin mövcud olduğunu təsdiqləyib, lakin bunun konkret olaraq hansısa ölkəyə yaxınlaşmaqdan daha çox Ermənistanın suverenliyi, müstəqilliyi və xarici əlaqələrinin şaxələndirilməsi ilə bağlı olduğunu bildirib.
Jalə Rövşən