Tehranda yarım milyonluq aksiya, Hörmüzdə partlayan tankerlər: İran mediası NƏDƏN YAZIR?

Tehranda yarım milyonluq aksiya, Hörmüzdə partlayan tankerlər: İran mediası NƏDƏN YAZIR?
19.09.2026 15:45 Təhlil

İran mediasının bu həftəsini müşahidə etdiyimiz zaman aydın oldur ki, IRNA, Mehr, Tasnim, Fars və Press TV kimi İranın rəsmi və yarı-rəsmi media qurumlarında əsas diqqət ABŞ və İsrail tərəfindən 28 fevral 2026-cı ildə başladılan və artıq yeddinci ayına daxil olan “təzyiq müharibəsi” çərçivəsində baş verən proseslərə yönəlib.

Həftə ərzində İran mediasının əsas gündəmini milli birlik və müqavimət ruhunun təbliği, Hörmüz boğazı üzərində dəniz nəzarəti, əldə edildiyi bildirilən hərbi nailiyyətlər və beynəlxalq müstəvidə aparılan diplomatik fəaliyyətin işıqlandırılması təşkil edib.

Həftənin ən mühüm və geniş rezonans doğuran hadisəsi sentyabrın 18-də, cümə günü Tehranda İmam Hüseyn meydanından İnqilab meydanına qədər dövlət təşkilatçılığı ilə keçirilən “Janfada-ye Iran” (“İran üçün fədakarlıq”) paradı və mitinqi olub. Bütün aparıcı agentliklərin foto və videolarla geniş şəkildə işıqlandırdığı bu kütləvi aksiya mart ayından etibarən davam edən milli səfərbərlik kampaniyasının zirvə nöqtəsi kimi təqdim edilib. Rəsmi məlumatlara görə, paradın özündə 313 min nəfər iştirak edib, paytaxt küçələrinə yüz minlərlə insanın axışması nəticəsində Tehranda qeydiyyata alınan iştirakçıların sayı yarım milyonu ötüb. Ölkə üzrə isə on milyonlarla insanın kampaniyaya qoşulduğu bildirilib. Prezident Məsud Pezeşkian, İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) rəhbərliyi, ruhanilər, veteranlar, Bəsic qüvvələri və könüllü birləşmələrin iştirak etdiyi tədbirdə raket və dron sistemləri nümayiş etdirilib, ABŞ və İsrail bayraqları tapdalanıb və kəskin şüarlar səsləndirilib. Bəsic rəhbəri Hüseyn Taeb könüllülərin tam müdafiəyə hazır olduqlarını və düşmən üçün kabusa çevriləcəklərini bəyan edib. İran mediası isə mitinqi müharibə başlayandan bəri keçirilən ən böyük xalq birliyi nümayişi kimi təqdim edib.

Eyni zamanda, IRGC Donanmasının Hörmüz boğazı üzərindəki strateji nəzarəti və burada baş verən dəniz insidentləri həftəlik xəbər gündəminin mərkəzində yer alıb. Sentyabrın 14-də “El Gaia” supertankeri cənub sularında dəniz minasına çırılaraq partlayıb. Bundan başqa, sentyabrın 14–17-də ABŞ-a məxsus MQ-1 və MQ-9 tipli dronların Hörmüz boğazı və Qeşm adası üzərində vurulduğu, sentyabrın 18-də isə Toqo bayrağı altında üzən tankerin qeyri-qanuni keçid cəhdinə görə hədəfə alındığı xüsusi vurğulanıb. Boğazdan gəmi keçidlərinin kəskin şəkildə azalaraq bəzi günlərdə cəmi bir neçə gəmi ilə məhdudlaşması və Brent markalı neftin qiymətinin 100–108 dollar aralığına yüksəlməsi İranın dəniz blokadası şəraitində əldə etdiyi strateji üstünlüyün nəticəsi kimi təqdim edilib.

Həftənin diplomatik və hüquqi müstəvidə ən böyük dönüş nöqtəsi BMT-nin müstəqil faktaraşdırıcı missiyasının sentyabrın 17-də açıqladığı hesabat olub. Hesabatda ABŞ-ın fevral ayında Minab şəhərindəki məktəbə və Lamerd idman kompleksinə endirdiyi zərbələrin fərq qoyulmadan həyata keçirildiyi və müharibə cinayəti təşkil edə biləcəyi bildirilib. İran mediası Xarici İşlər Nazirliyinin müavini Kazem Qəribabadi və digər rəsmilərin açıqlamalarına istinadən ABŞ-ın məsuliyyətdən yayına bilməyəcəyini vurğulayıb, eyni zamanda Vaşinqtonun BMT-nin İnsan Hüquqları Şurasından çıxmasını tənqid edib.

Diplomatik cəbhədə sentyabrın 18-də Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın İrana qarşı sanksiyaların monitorinqi panelinin fəaliyyət müddətinin uzadılmasına dair layihəyə veto qoyması İran tərəfindən məmnunluqla qarşılanıb və bu addım təkqütblü dünya nizamının sonunun göstəricisi kimi dəyərləndirilib. Xarici işlər naziri Abbas Araqçinin Çinə səfəri və Van İ ilə görüşləri zamanı regional nizamda kənar qüvvələrə yer olmadığı mesajı verilib. Bununla yanaşı, İsveç diplomatının ölkədən çıxarılması, Cənubi Koreyanın Tramp administrasiyasının Yaxın Şərqə qüvvə göndərilməsi ilə bağlı tələbini rədd etməsi və İranın müharibə tam dayandırılmadan və ölkənin dondurulmuş aktivləri azad edilmədən danışıqlara getməyəcəyi barədə mövqeyi diqqətə çatdırılıb.

Media məkanında hərbi rəhbərliyin və parlament spikeri Məhəmməd Baqir Qalibafın ABŞ və İsrailə qarşı effektiv zərbələr endirildiyi, F-35 və F-15 qırıcılarının “ovlanma dövrünün” başladığı və İraq Kürdüstanında həyata keçirilməsi planlaşdırılan layihələrin iflasa uğradığı barədə bəyanatlarına geniş yer verilib. Müttəfiq Yəmən (Husi) qüvvələrinin Səudiyyə Ərəbistanındakı hədəflərə və qırıcı təyyarələrə endirdiyi zərbələr “müqavimət oxu”nun uğuru kimi təqdim olunub.

Nüvə məsələsi ilə bağlı isə İAEA konfransı çərçivəsində ABŞ-ın İranın nüvə proqramına rəhbərlik edən şəxsin tədbirdə iştirakına maneələr yaratmasına baxmayaraq, nüvə biliklərinin məhv edilə bilməyəcəyi vurğulanıb. Ölkənin cənub-şərqində sünni ruhaninin qətlə yetirilməsi kimi daxili hadisələr və iqtisadi təzyiqlər fonunda İran mediası həftəni müqavimət, milli birlik və strateji üstünlük narrativi ilə yekunlaşdırıb. Media materiallarında düşmənin zəiflədiyi və İranın qələbəyə yaxınlaşdığı vurğulanıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər