ABŞ-dən Avropanı sarsıdan xəbərdarlıq: 5 il ərzində hər şey təxirə salınır!
ABŞ müttəfiqlərinə bəzi əsas silah növlərinin tədarükündə beş ilədək gecikmələrin mümkün olduğu barədə xəbərdarlıq edib. Buna səbəb Vaşinqtonun öz silah ehtiyatlarını bərpa etməyə ehtiyac duymasıdır.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, bəzi Avropa ölkələri ABŞ-nin İranla müharibəsi səbəbindən əsas raket əleyhinə və hava hücumundan müdafiə vasitələrinin tədarükünün təxirə salınacağını gözləyirlər.
“Bloomberg”in yazdığına görə, Almaniya ABŞ-dən “Tomahawk” raketlərinin və “Typhon” qurğularının tədarükünü sürətləndirməyi xahiş edib. Lakin ABŞ-nin silah ehtiyatlarının tükənməsi səbəbindən onların istehsalçısı olan “Raytheon” şirkətinin sifarişi qarşıdakı beş il ərzində yerinə yetirməsi ehtimalı azdır.
Digər iki rəsmi şəxs də bildiriblər ki, ABŞ istehsalı olan silah sistemlərindən asılı olan bəzi Şərqi Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından qısa müddət sonra tədarük gecikmələri ilə üzləşiblər.
Bundan əvvəl Pentaqonun baş müfəttişi İranla müharibənin sursat çatışmazlığına və onların ehtiyatlarının yenilənməsi ilə bağlı çətinliklərə səbəb olduğunu bildirib.
Müstəqil nəzarət qurumu qeyd edib ki, fevral-iyun ayları arasında ABŞ sursata 22 milyard dollardan çox vəsait xərcləyib. Bu isə “strateji ehtiyat çatışmazlığına” səbəb olub.
Hesabatda, həmçinin ehtiyatların bərpasını ləngidən “müdafiə sənayesi bazasındakı dar boğazların” aşkarlandığı bildirilib.
Qiymət Mahir