Rumıniyadan sonra növbəti ölkə: Sərhədi keçən dron kimə məxsusdur?
Rusiya ordusunun Ukraynanın Odessa vilayətinə hücumu zamanı daha bir pilotsuz uçuş aparatı Moldova hava məkanını pozub.
TodayPress TV xəbər verir ki, Moldova Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 17-də dron Odessa vilayətindən Moldova ərazisinə daxil olub və qısa müddət sonra yenidən Ukrayna istiqamətində uçub. Dronun hansı tərəfə məxsus olduğu açıqlanmayıb.
Məlumata görə, pilotsuz uçuş aparatı saat 08:56-da Ukraynanın Bilyayevka kəndi istiqamətindən Moldova sərhədini keçərək Tudora kəndinə doğru hərəkət edib. Saat 08:58-də isə Palanka kəndi yaxınlığından Moldova hava məkanını tərk edərək Ukraynaya, Davıdov Limanı istiqamətində uçub.
Hadisə Rusiya qüvvələrinin Ukraynanın cənubuna, xüsusilə Odessa vilayətinə intensiv hücumları fonunda baş verib.
Qeyd edək ki, son günlər Moldova hava məkanının dronlar tərəfindən pozulması ilə bağlı bir neçə insident qeydə alınıb. Sentyabrın 8-də də Rusiyaya aid olduğu ehtimal edilən “Shahed” tipli dron Moldova hava məkanına daxil olmuş, daha sonra Rumıniya ərazisinə keçmişdi.
Qiymət Mahir