ABŞ qəzeti elə adlar açıqladı ki... – Putinin taxtına əsas namizədlər

ABŞ qəzeti elə adlar açıqladı ki... – Putinin taxtına əsas namizədlər
19.09.2026 10:45 Dünya

ABŞ-nin “Washington Post” qəzeti Rusiya Prezidenti Vladimir Putindən sonra ölkəyə rəhbərlik edə biləcək yeddi mümkün namizədin adını açıqlayıb.

TodayPress TV xəbər verir ki, nəşrin sentyabrın 18-də yayımladığı materialda Putinin mümkün varisləri sırasında Rusiya Baş naziri Mixail Mişustin, Rusiya Prezidentinin Dövlət Şurası üzrə katibi Aleksey Dyumin, Baş nazirin müavini Dmitri Patruşev, Rusiya Hesablama Palatasının sədri Boris Kovalçuk, Baş nazirin birinci müavini Denis Manturov, Moskva meri Sergey Sobyanin və Kreml administrasiyasında daxili siyasətə cavabdeh Sergey Kiriyenko göstərilib.

Nəşr qeyd edir ki, Putin uzun illərdir mümkün varisi ilə bağlı sualları cavabsız saxlayıb. “Washington Post”un fikrincə, Rusiyada hakimiyyət strukturu Putinin ətrafında formalaşıb və bu sistemdə heç bir şəxsin dövlət başçısına birbaşa rəqib olacaq qədər güc toplamasına imkan verilməyib. Buna görə də hazırda ölkədə açıq şəkildə müəyyən edilmiş varis yoxdur.

Məqalədə hər bir mümkün namizədin siyasi və inzibati mövqeyi ayrıca təhlil olunur. Mişustin Rusiya Konstitusiyasına əsasən prezidentin səlahiyyətlərini vaxtından əvvəl icra etməsi tələb olunarsa, bu vəzifəni avtomatik üzərinə götürəcək şəxs kimi təqdim edilir.

Aleksey Dyumin isə Putinin keçmiş mühafizəçisi və uzun müddət təhlükəsizlik və hərbi strukturlarda çalışmış şəxs kimi xarakterizə olunur. O, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı zamanı Xüsusi Əməliyyat Qüvvələrinə rəhbərlik edib, daha sonra müdafiə nazirinin müavini və Tula vilayətinin qubernatoru olub. 2024-cü ildən Rusiya Dövlət Şurasının katibidir.

Dmitri Patruşev keçmiş Federal Təhlükəsizlik Xidməti rəhbəri və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğludur. O, 2024-cü ildə baş nazirin müavini təyin edilib.

Boris Kovalçuk isə Rusiyanın nüfuzlu biznesmenlərindən biri Yuri Kovalçukun oğludur. O, hazırda Rusiya Hesablama Palatasına rəhbərlik edir.

Denis Manturov uzun müddət Rusiyanın Sənaye və Ticarət Nazirliyinə rəhbərlik edib. 2024-cü ildə baş nazirin birinci müavini təyin olunub və hərbi sənaye kompleksinə nəzarət edən əsas şəxslərdən birinə çevrilib.

Sergey Sobyanin 2010-cu ildən Moskva meri vəzifəsində çalışır. O, bundan əvvəl Putin administrasiyasında yüksək vəzifə tutub.

Sergey Kiriyenko isə hazırda Kreml administrasiyasında daxili siyasət istiqamətinə rəhbərlik edir. O, 1998-ci ildə Rusiyanın ən gənc baş naziri olub, daha sonra “Rosatom”a rəhbərlik edib. “Washington Post” onun Rusiyada kadr siyasətinə və siyasi proseslərə təsir imkanlarını mümkün üstünlüklərindən biri kimi qeyd edir.

Nəşr eyni zamanda vurğulayır ki, bu şəxslərin adlarının mümkün varislər sırasında çəkilməsi onların hər hansı birinin Putinin rəsmi varisi elan edildiyi anlamına gəlmir. Məqalə Rusiyada mümkün hakimiyyət dəyişikliyi zamanı ön plana çıxa biləcək fiqurların təhlilinə həsr olunub.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər