​200 illik xülyanın 24 saatlıq dəfni: Bütöv Azərbaycan necə yarandı?

​200 illik xülyanın 24 saatlıq dəfni: Bütöv Azərbaycan necə yarandı?
19.09.2026 10:25 Siyasət

2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə başlayan lokal antiterror tədbirləri Azərbaycanın suverenliyinin bərpası baxımından çox mühüm mərhələ təşkil edir. Hər halda, bu, Azərbaycan tarixinin son 200-300 ilində baş verən ən əhəmiyyətli hadisələrdən biridir.

Təbii ki, Azərbaycan tarixi müharibələrlə çox zəngindir. Bu müharibələrin içərisində böyük ölçüdə məğlubiyyətlər də var. Şübhəsiz ki, böyük bir xalqın müxtəlif hissələrə parçalanmasının nəticəsi olaraq Azərbaycan öz tarixinin mühüm bir hissəsini işğal altında keçirməli olub. Amma yekunda Azərbaycan xalqının özünü tapması, milli kimliyini inkişaf etdirməsi və bu coğrafiyada qalib gəlmək imkanlarını əldə etməsi həmin tarixi zərurətdən və özünü tapma instinktindən irəli gələn addım olub.

Önəmli məsələ budur ki, son 30 il ərzində qarşılaşdığımız müharibə reallıqlarının birincisində Azərbaycan məğlubiyyətə uğrayıb, torpaqları işğal olunub və həmin dövrdə verilən 20 mindən artıq şəhid ölkəmizin yaşaması naminə canlarını fəda ediblər.


Ümummilli lider Heydər Əliyev dönəmi Azərbaycanın özünü qurması, həyatda qalması və dövlətçiliyi xilas etməsi dövrü olub. Azərbaycan 1990-cı illərin dövlət dağıntıları nəticəsində cəmiyyətin iflas vəziyyətinə gəldiyi, ölkənin faktiki olaraq dağılma və vətəndaş müharibəsi reallıqları qarşısında qaldığı çox çətin mərhələlərdən keçib. Azərbaycan regional və qlobal güclərin toqquşduğu meydana çevrilib, xarici kəşfiyyatın sifarişi ilə ölkədə çox ciddi siyasi dağıntılar yaşanıb. Başıpozuqluq hökm sürüb, o cümlədən vahid ordu əvəzinə bir sıra hərbi dəstələr ayrı-ayrılıqda fəaliyyət göstərib və bu, ölkənin dövlətçiliyinə çox böyük zərər vurub.

Amma 1993-cü il hadisələri, Heydər Əliyevin hakimiyyətə gəlişi, stabilləşmə və eyni zamanda atəşkəsin əldə olunması dövlətin və ölkənin nəfəs almasına şərait yaradıb. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” layihəsindən sonra Azərbaycan dünyaya açılmaq üçün böyük iqtisadi imkanlar əldə edib.

Savaş üzərindən baxsaq, 2020-ci ilə gətirən proses Prezident İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycanın güclənməsinə, dünyaya açılmasına, dünyada özünəməxsus yer əldə etməsinə və regional gücə çevrilməsinə imkan verdi. Azərbaycan Qafqazın taleyini həll edən məsələlərdə böyük söz sahibinə çevrildi, qlobal münasibətlərdə yüksək səviyyədə əlaqələr yaratdı, Azərbaycanın haqlı mövqeyini dünyaya qəbul etdirdi, onu dəstəkləyənlərin və dostlarının sayını artırdı.

Şərq ilə Qərb arasında Azərbaycanın strateji mövqeyini uğurla dəyərləndirmək də bu dövrün məhsulu oldu. Şübhə yoxdur ki, Azərbaycanı hörmət edilən, sözünün ağırlığı olan dövlətə çevirmək istiqamətində Türk Dövlətləri Təşkilatı, beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın əldə etdiyi xarici siyasət uğurları dövlətin inkişafı üçün böyük dividendlərə və enerjiyə çevrilir.

Şübhəsiz ki, 2020-ci ildə baş verən Vətən müharibəsi Ermənistanın təxribatına cavab olaraq başlayan hərbi əməliyyatların 44 gün ərzində qələbə ilə başa çatması ilə nəticələndi. Amma Azərbaycanın müstəqilliyini bərpa etsə də, tam suverenliyini təmin edə bilməməsi bizim bu 30-40 illik dövrün əsas reallıqlarından biri olub.


2023-cü ilə qədərki proseslər dönəmində Azərbaycan artıq başlatdığı azadlıq və torpaqlarını azad etmə əməliyyatlarının təbii davamını üç il sonra gətirmiş oldu. Elə hesab edirəm ki, bu, Rusiya imperiyası ilə bağlı həqiqətlərə də açıq şəkildə təsir göstərir. Çünki 300 il ərzində Rusiyanın olduğu coğrafiyada Azərbaycanın öz düşmənini məğlub etməsi hadisəsi yeganə hadisədir. Bunu da unutmaq lazım deyil ki, Azərbaycan müharibədə son dövrlərdə təsdiqlənmiş qalibiyyət hadisəsini yaşayan yeganə dövlətdir.

2023-cü il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirlərinin əsas iştirakçısı Azərbaycan Silahlı Qüvvələri olub. Əməliyyata Müdafiə Nazirliyinin rəhbərliyi altında Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları və pilotsuz uçuş aparatları bölmələri cəlb olunub. Havadan kəşfiyyat və dəqiq zərbələr “Bayraktar TB2” və digər PUA-lar vasitəsilə icra edilib.

Dəstək qüvvələri kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi bölmələri də ərazidə nəzarətin təmin olunması, sərhədlərin bağlanması və təxribat qruplarının zərərsizləşdirilməsi prosesində iştirak edib.

Əməliyyat cəmi 23 saat 51 dəqiqə davam edib və yüksək dəqiqlikli silahlardan, eləcə də xüsusi təyinatlıların nöqtə zərbələrindən istifadə edilməklə həyata keçirilib. Bu əməliyyat zamanı Azərbaycan polisi və Daxili Qoşunların əməkdaşları arasında da şəhid olanlar olub.

Bunu da unutmaq lazım deyil ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra bölgəmizdə ilişib qalan separatçılar, onların həyata keçirdikləri müxtəlif terror tədbirləri və davamlı qarşıdurma şəraitinin hökm sürməsinə 2023-cü ildə verilən cavab Azərbaycanın suverenliyinin bərpası ilə nəticələndi.

Bu dəyərləndirmənin kökündə dayanan əsas mühüm məqam ondan ibarətdir ki, Azərbaycan, bəli, müstəqilliyini bərpa etdi, torpaqlarını azad etdi, amma tam suverenliyinə qovuşmadı. 2023-cü il sentyabrın 19-da yenə də Qarabağda separatçıların Azərbaycanın qanuni yurisdiksiyasına aid olan ərazilərdə təxribata başlamasına və terror törətməsinə cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirləri yekunda Azərbaycanın suverenliyinin bərpası ilə başa çatdı.

Bu, əlahiddə tarixi hadisədir. Qarabağ bölgəsində və indiki Azərbaycan Respublikasının sərhədləri daxilində erməni məsələsinin, hər halda, 1800-cü ildən hesablasaq, 200 illik dəfnidir. Eyni zamanda, bu, rus imperializminin Azərbaycan coğrafiyasındakı 200 illik işğalının bitişidir. Eyni zamanda, bu, “Daşnaksütyun” ideologiyasının 200 illik bitişidir.

Eyni zamanda, bu, Azərbaycan tarixində son 300 ildən sonra ilk dəfə öz halal torpağını əldə etməsi, təmin etməsi və Azərbaycanın dünya sıralarına tam, bütöv, vahid dövlət kimi daxil olmasıdır.

Şübhə yoxdur ki, sentyabr hadisələri Azərbaycanın suverenlik narrativini dünyaya daşımasında mühüm yerə malikdir. Azərbaycan indiki qlobal nizamın olmadığı və gücün həlledici olduğu dünyada hüququn üstünlüklərindən yararlanaraq özünün yurisdiksiyasına aid olan ərazilərdə suverenliyini bərpa edib. Bu hadisə də dövrümüzün mühüm reallıqlarından biridir.

Şübhəsiz ki, 19-20 sentyabr tarixlərində baş tutan antiterror tədbirləri “Dənizdən-dənizə böyük Ermənistan” ideologiyasının da dəfnidir, Ermənistan konstitusiyasının dəyişdirilməsinin ilkin şərtidir. Eyni zamanda, Azərbaycanın kommunikasiyalarının dünyaya açılmasının əsas mərhələsidir, Zəngəzurun yenidən doğuluşudur.

Bu, Azərbaycanın şimalında Rusiyanın Ukraynanı işğal etdiyi, cənubunda isə Amerika-İran müharibəsinin getdiyi bir dönəmdə dünyanın ehtiyac duyduğu orta yoldur, orta gücün orta yoludur. Bu, Azərbaycanın həmin orta coğrafiyanın əsas əlaqələndirici gücü kimi doğulmasının təməllərinin atıldığı gündür.

Bu gün Azərbaycan suverendir. Bu gün Azərbaycan öz suverenliyini dünyada başqa ölkələrin suverenliyinə də dəstək məqsədilə bəyan edir ki, bir ölkənin ərazisini işğal etmək olmaz. Bu, qarşısıalınmaz xaosa və dünya müharibəsinə gətirir. Azərbaycanın suverenliyini əldə etməsi bölgəmizə investisiyaların cəlbinə və bu bölgənin rifah coğrafiyasına çevrilməsinə gətirməlidir.

Ona görə də 19-20 sentyabr hadisələrində şəhid olan hərbçilərimizə və şəhidlərimizin ailələrinə ehtiramımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı veririk.

Onlar Azərbaycanın üç şəhid nəslinin — Birinci Qarabağ müharibəsi, İkinci Qarabağ müharibəsi və Suverenlik müharibəsi dövrü şəhidlərinin yekun ifadəsidir. Azərbaycanın hər nöqtəsində, hər coğrafiyasında bir şəhid, hər kəndində şəhid var, şəhid qəbirləri var.

Bu gün suverenlik şəhidlərini ayrıca və xüsusilə xatırlamaq lazımdır. Çünki onlar digər şəhidlərimizin yolundan getdilər və nəticəni əldə etdilər.

Azərbaycan şəhidlərin qurduğu ölkədir.

Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər