Rusiya Ermənistanı itirir? Paşinyan məhkəməyə üz tutacaq…
Cənubi Qafqazda geopolitik fay xətləri yenidən hərəkətə keçir və bu dəfə gərginliyin mərkəzində regionun strateji nəqliyyat arteriyaları dayanır.
Son dövrlərdə Qərbin artan diplomatik və iqtisadi dəstəyi ilə İrəvan Ermənistan Dəmir Yolları üzərində Moskvanın — "Cənubi Qafqaz Dəmir Yolu" ASC-nin (RJD) uzunillik idarəçiliyinə son qoymaq cəhdlərini açıq müstəviyə keçirib. Müqavilənin ləğvi və ya nəzarətin üçüncü tərəfə ötürülməsi ssenariləri masada olsa da, Kremlin bu strateji rıçaqdan imtina etmək niyyəti yoxdur.
Bu qarşıdurma sadəcə hüquqi və ya iqtisadi mübahisə deyil, Ermənistanın Rusiyanın təhlükəsizlik və iqtisadi çətirindən çıxmaq cəhdinin növbəti fazasıdır. Bəs dəmir yolu nəzarəti ətrafında dərinləşən bu ziddiyyət Rusiya-Ermənistan münasibətlərində son qopma nöqtəsinə çevrilə bilərmi? İrəvanın bu həmlələrinə qarşı Moskvanın əlində hansı cavab mexanizmləri var və Kreml hansı iqtisadi, siyasi və təhlükəsizlik rıçaqlarını işə sala bilər?
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Yusif Bağırzadənin fikrincə, Ermənistan dəmir yollarının idarəçiliyi ətrafında yaranan fikir ayrılığı Moskva ilə İrəvan arasındakı münasibətlərin təkcə iqtisadi deyil, həm də geosiyasi ölçüsünü üzə çıxarır:

“Məlum olduğu kimi, 2008-ci ildən Ermənistanın dəmir yolu şəbəkəsi Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolu” şirkəti tərəfindən 30 illik konsessiya müqaviləsi əsasında idarə olunur. Müqavilənin müddəti 2038-ci ildə başa çatmalıdır. Ermənistanın Baş naziri Nikol Paşinyan isə 2026-cı ilin oktyabrında müqavilənin ləğvi üçün hüquqi əsasların mövcud olduğunu bildirib, lakin problemin dostluq şəraitində həllinə üstünlük verdiyini vurğulayıb. O, idarəetmə hüquqlarının hər iki tərəfin qəbul edə biləcəyi üçüncü ölkəyə verilməsini təklif edir. Məsələnin mahiyyəti Ermənistanın ayrı-ayrı sahələrdə Rusiyadan asılılığına son qoymaq cəhdlərindən ibarətdir. Ermənistan nəqliyyat suverenliyini gücləndirmək və yeni regional marşrutlardan iqtisadi fayda əldə etmək istəyir. İrəvanın narahatlıqlarından biri beynəlxalq nəqliyyat layihələrinin Ermənistan ərazisindən yan keçməklə reallaşdırılmasıdır. Digər tərəfdən, Rusiyanın idarəçiliyi sanksiyalarla əlaqədar çətinliklər yaradır. Xüsusilə Azərbaycanla Naxçıvan arasında planlaşdırılan nəqliyyat əlaqələri fonunda Ermənistan öz dəmir yolu infrastrukturunun regional tranzit sisteminə inteqrasiyasında maraqlıdır. Belə şəraitdə idarəetmənin Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər kimi alternativ tərəfdaşa ötürülməsi İrəvanın iqtisadi və siyasi manevr imkanlarını genişləndirə bilər”.
Analitikin sözlərinə görə, Moskva bu təşəbbüsü sadəcə kommersiya müqaviləsinin dəyişdirilməsi kimi qiymətləndirmir. Rusiya tərəfi konsessiya üzrə öhdəliklərini yerinə yetirdiyini və dəmir yolu infrastrukturuna əhəmiyyətli investisiyalar yatırdığını bildirir. Buna görə də Rusiya rəsmiləri idarəetmə hüquqlarının başqa ölkəyə ötürülməsinə qarşı mövqe sərgiləyir və rus şirkətlərinin maraqlarının pozulmasının cavabsız qalmayacağını bəyan edirlər. Bu mövqe göstərir ki, dəmir yolu məsələsi Rusiyanın Ermənistandakı iqtisadi mövqeləri və Cənubi Qafqazın nəqliyyat arxitekturasına təsiri ilə birbaşa əlaqəlidir.
“Rusiya ilə Ermənistan arasında bu məsələnin münasibətlərdə qopma nöqtəsinə çevrilməsinin mümkünlüyünə gəldikdə isə, belə bir ssenari istisna deyil. Bununla belə, hazırkı mərhələdə onu qaçılmaz nəticə kimi qiymətləndirmək düzgün olmaz. Çünki münasibətlərdəki gərginliyə baxmayaraq, nə Ermənistan, nə də Rusiya əlaqələrin tamamilə kəsilməsində maraqlıdır. Ermənistan hələ ki, Rusiyadan iqtisadi və təhlükəsizlik asılılığını əvəz edəcək alternativ formalaşdırmayıb. Rusiya isə münasibətlərin qopma nöqtəsinə çatmasının İrəvanın Qərbə inteqrasiyasını sürətləndirə biləcəyini nəzərə alaraq ehtiyatlı davranmağa məcburdur”, — deyə Y.Bağırzadə qeyd edib.
Həmçinin o düşünür ki, ilk addım müqavilənin hüquqi şərtlərinə istinad etmək, kompensasiya tələbləri irəli sürmək və mübahisəni arbitraj müstəvisinə daşımaq ola bilər:
“Rusiya konsessiya üzrə öhdəliklərini yerinə yetirdiyini əsas gətirərək bu addımı ata bilər. Eyni şəkildə, Ermənistan da Rusiyanın üzərinə düşən öhdəlikləri icra etmədiyini əsas gətirərək arbitraj məhkəməsinə müraciət edə bilər. Ermənistanın mövqeyi ondan ibarətdir ki, vəziyyət heç də Rusiyanın təqdim etdiyi kimi deyil. Rəsmi İrəvan bildirir ki, Rusiya dəmir yolu infrastrukturuna qeyd olunan investisiyaları yatırmayıb və hazırda dəmir yolunun şaxələndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirləri də həyata keçirmir. Paşinyan özü də bu ilin iyul ayında qeyd olunan səbəblərə görə beynəlxalq arbitraj məhkəməsinə müraciət edəcəklərini və Rusiyadan hər il üçün 2 milyard dollar təzminat tələb edəcəklərini bildirmişdi”.
Analitik ikinci istiqamətin iqtisadi təzyiq vasitələri olduğunu vurğulayıb:
“Rusiya Ermənistanın əsas ticarət tərəfdaşlarından biridir və enerji, ixrac, əmək miqrasiyası kimi sahələrdə qarşılıqlı asılılıq mövcuddur. Moskva ticarət məhdudiyyətləri, texniki və gömrük prosedurlarının sərtləşdirilməsi, eləcə də enerji əməkdaşlığının şərtləri vasitəsilə İrəvana təzyiq göstərmək imkanlarını nəzərdən keçirə bilər. Bununla belə, bir daha qeyd edirəm ki, göstərilən səbəblərə baxmayaraq, konkret tədbirlərin görüləcəyini indidən iddia etmək olmaz. Daha bir mexanizm siyasi və təhlükəsizlik münasibətlərinə təsir göstərməkdir. Moskva ikitərəfli dialoq çərçivəsində digər məsələləri də gündəmə gətirə və Ermənistanın Qərblə yaxınlaşmasına qarşı diplomatik mövqeyini sərtləşdirə bilər. Lakin dəmir yolu mübahisəsinin avtomatik olaraq hərbi əməkdaşlığın dayandırılmasına və ya bütün ikitərəfli əlaqələrin kəsilməsinə gətirib çıxaracağını söyləmək üçün əsas yoxdur.
Ümumilikdə, dəmir yolu mübahisəsi Rusiya-Ermənistan münasibətlərində strateji etimadın daha da zəiflədiyini göstərir. İrəvan nəqliyyat müstəqilliyini və Qərb bazarlarına çıxış imkanlarını genişləndirməyə, Moskva isə müqavilə hüquqlarını və regional mövqelərini qorumağa çalışır”.
Yusif Bağırzadə onu da qeyd edib ki, Rusiya Dəmir Yollarının rəhbərinin yaxın günlərdə Ermənistana səfəri planlaşdırılır və görüşlərdə bu məsələnin geniş şəkildə müzakirə olunacağı gözlənilir. Başqa sözlə, tərəflər hələlik qarşıdurmanı danışıqlar yolu ilə idarə etmək üçün kommunikasiya kanallarını açıq saxlayırlar. Növbəti addımlar isə danışıqların nəticəsindən asılı olacaq.
Qiymət Mahir