DİM-in yeni sədri - İctimaiyyət gözləntisini açıqladı
Son günlər Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyində mümkün dəyişiklik və quruma kimin rəhbərlik edəcəyi məsələsi ictimaiyyət və ekspert dairələrinin diqqətindədir.
Müzakirə olunan ehtimal olunan namizədlər sırasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun da adı hallanır.

Təhlilçilərin fikrincə, Vüsal Hüseynovun DİM sədri vəzifəsinə gətirilməsi ehtimalı onun idarəçilik təcrübəsinin qurumun fəaliyyətinə hansı istiqamətlərdə təsir göstərə biləcəyi barədə müzakirələri aktuallaşdırır.
DMX-yə rəhbərlik etdiyi müddətdə elektron xidmətlərin genişləndirilməsi, rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi və vətəndaş müraciətləri ilə iş sahəsində qazandığı təcrübə onun mümkün üstünlükləri kimi qiymətləndirilir. Bu təcrübənin DİM-də abituriyentlərin qeydiyyatı, kütləvi imtahanların təşkili və nəticələrin emalı kimi proseslərin daha çevik və səmərəli qurulmasına töhfə verə biləcəyi bildirilir.
Qeyd edək ki, Vüsal Hüseynovun Harvard Universitetində dövlət idarəçiliyi üzrə magistr təhsili alması, hüquq və iqtisadiyyat sahəsindəki bilikləri, beynəlxalq layihələrdə iştirakı da diqqət çəkən məqamlar sırasındadır. Bu amillərin dövlət idarəçiliyində şəffaflığın, vahid standartların və institusional səmərəliliyin gücləndirilməsi baxımından əhəmiyyətli ola biləcəyi vurğulanır. Onun UNEC və Xəzər Universitetində mühazirə deməsi, müxtəlif komissiya və işçi qruplarında fəaliyyəti isə təhsil sahəsi ilə bağlı müəyyən təcrübəyə malik olduğunu göstərir.
Bununla yanaşı, ekspertlər DİM-in fəaliyyət xüsusiyyətlərinin ayrıca yanaşma tələb etdiyini qeyd edirlər. Çünki qurumun işi yalnız inzibati və təşkilati idarəetmədən ibarət deyil. Testologiyanın inkişafı, imtahan modellərinin hazırlanması, qiymətləndirmə meyarlarının elmi-metodik əsaslarının qorunması və təkmilləşdirilməsi Mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahələrdə mövcud peşəkar yanaşmanın davam etdirilməsi yeni rəhbərlik üçün vacib məsələlərdən biri olacaq.
Digər mühüm istiqamət isə DİM-in cəmiyyətlə kommunikasiyasıdır. Məktəblər, ali təhsil müəssisələri, abituriyentlər və valideynlər üçün imtahanlarla bağlı qərarların aydın izah edilməsi, yaranan sual və narazılıqlara operativ cavab verilməsi quruma ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, yeni rəhbərliyin qarşısında həm idarəetmənin səmərəliliyini artırmaq, həm də DİM-in elmi-metodik fəaliyyətində formalaşmış ənənələri qorumaq kimi vəzifələrin dayanacağı gözlənilir.
Jalə Rövşən