Kim Çen In atasının ənənəsini 30 ildən sonra dəyişdi - VİDEO

Kim Çen In atasının ənənəsini 30 ildən sonra dəyişdi - VİDEO
24.11.2026 10:36 Dünya

Şimali Koreya lideri Kim Çen In noyabrın 22-də Pxenyanda 10 ölkənin yeni təyin olunmuş səfirinin etimadnaməsini şəxsən qəbul edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.

Bu, Şimali Koreya liderinin 30 ildən artıq fasilədən sonra xarici diplomatların etimadnamələrini birbaşa qəbul etdiyi ilk belə mərasimdir.

Mərasimdə Rusiya, İsveç, İndoneziya, Vyetnam, Braziliya, Çexiya, Hindistan, Filippin, Tailand və Banqladeşin səfirləri iştirak ediblər. Şimali Koreyanın xarici işlər naziri Çve Son Hi də tədbirə qatılıb.

Görüş zamanı Kim Çen In ölkəsinin xarici siyasətinin müstəqillik, sülh və dostluq prinsiplərinə əsaslandığını bildirib. O, Pxenyanın regional üstünlük və ərazi genişlənməsi məqsədi güdmədiyini, hərbi potensialın gücləndirilməsinin isə ölkənin suverenliyini və təhlükəsizliyini qorumağa xidmət etdiyini vurğulayıb.

Qeyd edək ki, bu addım Şimali Koreyada mart ayında Konstitusiyaya edilən dəyişiklikdən sonra baş verir. Dəyişikliklə xarici səfirlərin etimadnamələrini qəbul etmək səlahiyyəti Dövlət İşləri Komissiyasının sədrinə - Kim Çen Ina verilib. Əvvəlki qaydalara əsasən, bu vəzifəni Ali Xalq Məclisinin Daimi Komitəsinin sədri yerinə yetirirdi.

Xatırladaq ki, Kim Çen Inın babası Kim İr Sen xarici səfirlərin etimadnamələrini şəxsən qəbul edirdi. Atası Kim Çen İrin hakimiyyəti dövründə isə bu diplomatik protokol dəyişdirilmişdi.

Jalə Rövşən 

XƏBƏR LENTİ
24 NOYABR 2026
Bütün Xəbərlər