Dini Komitə qadınlarla bağlı müraciət etdi
Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var.
TodayPress TV xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Tolerant və Mütərəqqi Cəmiyyətin Formalaşmasında Qadınların Rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, tədbirin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunması və müzakirə mövzusunun seçilməsi təsadüfi deyil.
G. İsmayılovun sözlərinə görə, konfransın əsas məqsədi tolerant dəyərlərin formalaşması və təbliğində qadınların rolunu gücləndirmək, onların potensialından daha səmərəli istifadə etməkdir.
"Azərbaycanda tolerantlıq ənənələri xalqın zəngin mədəniyyətinin tərkib hissəsi olmaqla yanaşı, dövlət siyasətinin də mühüm istiqamətlərindən biridir".
O, tarixdən nümunələr gətirərək Azərbaycan qadınlarının müxtəlif dini məbədlərin inşası və bərpasına verdiyi töhfələrdən danışıb:
"Bakıda yerləşən Təzəpir məscidi Azərbaycan qadını Nabat xanım Aşurbəyovanın şəxsi vəsaiti hesabına inşa etdirilib. Bununla yanaşı, Azərbaycan qadınları bir sıra xristian məbədlərinin tikintisinə və bərpasına da maddi dəstək göstəriblər".
Sədr müavini xüsusilə Arxangel Mixail kilsəsinin təmiri zamanı müsəlman qadınların öz zinət əşyalarını ianə etməsini diqqətə çatdırıb.
Həmin qadınlardan bunun səbəbi soruşulduqda belə cavab veriblər: “Tanrının evi yanmış şəhərə bədbəxtlik üz verə bilər. Bu tarixi nümunələr Azərbaycan qadınlarının multikultural ənənələrin və tolerant dəyərlərin qorunması, yaşadılması və inkişafında mühüm rol oynadığını bir daha təsdiqləyir".
Türkan İsgəndərli