Qızların təhsilinə mane olan ailələrə SƏRT MESAJ
“Nəyə görə imkan verməyək ki, bizim qız uşaqlarımız təhsil alsınlar, hansısa bir peşənin sahibi olsunlar? Elə ailələr var ki, ailə başçısı düşünür: “Mən oxumuşam, nə qazanmışam ki, mənim də uşağım oxusun, nəsə qazansın?”Bu, geridə qalan bir fəlsəfədir”.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
“Dünən Prezidentimiz cənab İlham Əliyevin rəsmi sosial media hesablarında azərbaycançılıq ənənələrinə həsr olunmuş videoçarx paylaşılmışdı.
Dövlətimizin başçısı bildirir ki, azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Bu, sadəcə, bir fikir deyil. Azərbaycançılıq xalqımızın çox əzab-əziyyət bahasına nail olduğu tarixi sərvətdir.
Bu qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Ölkə başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən müxtəlif səviyyəli tədbirlər Azərbaycanı regionda və dünyada tolerantlıq nümunəsinə çevirmişdir.

Azərbaycançılıq ideologiyasının formalaşmasında iki əsas istiqamət var: ailə və məktəb. Prezidentimiz də həmişə bu iki istiqaməti daha da gücləndirməyin vacibliyini vurğulayır.
Uşaqların tərbiyəsində, onların formalaşmasında qadınların rolu daha çoxdur. 44 günlük müharibə nəyi göstərdi? Bir dəfə də Qarabağı görməyən gənclər hansı vətənpərvərlik hissləri ilə getdilər, qanlarını tökdülər, şəhid oldular, qazi oldular. Nəyə görə? Ona görə ki, ailələrində çox güclü tərbiyə alıblar.
Qadınlar nəsillər boyu mənəviyyat və dəyərlərin ötürülməsində iştirak edirlər. Təhsil və tərbiyə vasitəsilə dürüstlük, bütövlük, əməkdaşlıq və qarşılıqlı hörmət kimi etik prinsiplərin və sosial dəyərlərin aşılanmasına töhfə verirlər. Onlar tolerantlıq, bərabərlik və milli mənsubiyyət kimi müsbət dəyərlərin təşviqində mühüm rol oynayırlar. Ona görə də qadınların səlahiyyətləndirilməsi, mədəni və sosial fəaliyyətlərdə iştirakının artırılması istənilən cəmiyyətin gələcəyi üçün vacib sərmayədir.
Bu gün gedən ideoloji müharibənin əsas istiqaməti bizim ailələrimizə, gənclərimizə təsir etməkdir. Bu, bizim cəmiyyətimiz üçün çox böyük təhlükədir. Ona görə cənab Prezident dəfələrlə bu istiqamətdə işlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bir ailədə iki övlad təhsil alanda, özəl sektora düşəndə, adətən, oğlan uşaqlarına prioritet verilir. Amma həyata keçirilən proqram qızların da təhsil almasına imkan yaradır. Bunun nəticəsidir ki, bir çox istedadlı qızlarımız təhsil alır və gələcəkdə yaxşı peşə sahiblərinə çevriləcəklər”.
Zəhra Məmmədova