Kəndlərdə kommunal qiymətlər endirilir? - XƏBƏR VAR
Kənddə yaşayışı stimullaşdırmaq üçün sosial və iqtisadi əsaslar yaradılmalıdır.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, kənd yerlərində kommunal xidmətlərə daha aşağı tariflərin tətbiqi nəzərdən keçirilməli, kənddə ev almaq və ya tikmək istəyənlər, xüsusilə gənclər üçün əlavə imkanlar yaradılmalıdır.
Deputat kənddə müəssisə yaradan, fermer təsərrüfatı quran və emal sahəsinə investisiya qoyan sahibkarlar üçün əlçatan kreditlərin, faiz və vergi güzəştlərinin tətbiqini təklif edib.
Onun sözlərinə görə, kəndlərdə yol, internet, su və kanalizasiya təminatı, məktəb, tibbi xidmət, uşaq bağçası və ictimai nəqliyyat da normal səviyyədə olmalıdır.
Razi Nurullayev kəndlərin kompleks inkişafı üzrə ayrıca dövlət proqramının hazırlanmasını vacib hesab etdiyini bildirib. Qeyd edib ki, bu proqram mənzil təminatı, kommunal xidmətlər, məşğulluq, biznes, kredit, sosial xidmətlər və infrastrukturu əhatə etməlidir.
Deputatın fikrincə, məqsəd yalnız kənddən şəhərə köçü azaltmaq deyil, şəhərdə yaşayan insanlar üçün də kəndə köçməyi sərfəli və rahat seçimə çevirməkdir.
Qiymət Mahir