Bahar Muradova: Qadınlar ictimai və siyasi həyatda....
"Dövlət qulluğunda, təyinatlı vəzifələrdə, yerli və milli səviyyəli seçkili orqanlarda, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, eləcə də məhkəmə-hüquq sistemində və mediada qadınların təmsilçiliyinin artması müsbət dinamikanın göstəricisidir".
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Tolerant və Mütərəqqi Cəmiyyətin Formalaşmasında Qadınların Rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qadınların və qızların potensialının üzə çıxarılması, təhsil, məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, iqtisadi müstəqilliyinin və ictimai fəallığının artırılması Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindəndir.
Komitə sədri 2021-ci ildə başlanılan Qızların Təhsilinə Dəstək Proqramının əhatə dairəsinin genişləndiyini və davamlı xarakter aldığını vurğulayıb. O, xüsusilə biznes subyektlərinin və cəmiyyətin bu təşəbbüsə verdiyi dəstəyin əhəmiyyətini qeyd edib.
B. Muradova bildirib ki, qızların hüquq, mühəndislik, texnologiya və digər perspektivli sahələrdə təhsilinə dəstək yalnız onların peşəkar inkişafına deyil, həm də cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakına xidmət edir.
Komitə sədri qadınların təhsilinin milli-mənəvi dəyərlərin qorunması baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib və əlavə edib ki, yüksək bilik və səriştəyə malik, müasir dünyagörüşlü, milli-mənəvi və dini dəyərlərə bağlı qadınların yetişdirilməsi ailənin, cəmiyyətin və dövlətin gələcəyinə qoyulan sərmayədir.
Çıxışında qadınlara qarşı zorakılıqla mübarizə məsələsinə də toxunan B. Muradova bu sahədə qanunvericilik dəyişikliklərinin və institusional tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, zərərçəkmiş şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi, mühafizə orderlərinin tətbiqinin təkmilləşdirilməsi, eləcə də yerli icra hakimiyyəti orqanlarında monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinin gücləndirilməsi bu istiqamətdə mühüm addımlardır.
Türkan İsgəndərli