NBA mövsümə rekordla başladı: Tamaşaçı marağı zirvəyə yüksəldi
Milli Basketbol Assosiasiyası (NBA) 2026/2027-ci illər mövsümünün ilk ayının yekunlarına əsasən, oyunların televiziya və rəqəmsal yayımlarını izləyən tamaşaçıların sayında tarixi rekorda imza atıb.
TodayPress TV Xəbər verir ki, bu barədə liqanın rəsmi saytı məlumat yayıb.
Mövsümün ilk dörd həftəsi ərzində NBA oyunlarını Birləşmiş Ştatlarda 75 milyondan çox tamaşaçı izləyib. Bu göstərici ötən çempionatın eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.
Ölkəmiqyaslı yayımların orta auditoriyası isə 2,62 milyon nəfərə çatıb. Bu, əvvəlki mövsümlə müqayisədə 37 faiz artım deməkdir. Qeyd olunan göstərici liqa tarixində, lokaut səbəbindən qısaldılmış 1998/1999 və 2011/2012-ci illər mövsümləri istisna olmaqla, ən yüksək nəticədir.
NBA məzmunlu videoların sosial şəbəkələrdə baxış sayı da rekord həddə - 45 milyarda yüksəlib. Regional yayımların auditoriyası 24 faiz, NBA tətbiqi və NBA League Pass platformasındakı canlı yayımların izlənmə sayı isə 50 faiz artıb.
Xüsusilə gənc auditoriya arasında ciddi yüksəliş qeydə alınıb. Belə ki, 18-34 yaş aralığındakı tamaşaçıların sayı 50 faiz, 2-17 yaş qrupunda isə 57 faiz çoxalıb.
Namiq HUN