Naxçıvana yollar açılmadan dotasiya niyə azaldılmalıdır ki - deputatdan etiraz
Naxçıvanla nəqliyyat əlaqələri bərpa olunmadan muxtar respublikaya ayrılan dotasiyanın azaldılması məqsədəuyğun deyil.
TodayPress TV xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, yaxın perspektivdə TRIPP layihəsinin həyata keçirilməsi Naxçıvanla əlaqələrin genişlənməsi və muxtar respublikanın inkişafı üçün yeni imkanlar yarada bilər.
Deputat diqqətə çatdırıb ki, 2026-cı ilin dövlət büdcəsində Naxçıvan üçün 198 milyon manat dotasiya nəzərdə tutulub. Bu isə ötən illə müqayisədə 6,4 faiz azalma deməkdir.
Fazil Mustafa mövcud şəraitdə dotasiyanın həcminə yenidən baxılmasını zəruri hesab edib. Onun fikrincə, nəqliyyat yollarının bağlı olması muxtar respublikada iqtisadi fəallığın artmasına və müxtəlif layihələrin reallaşdırılmasına maneələr yaradır.
Deputat Naxçıvanda işsizlik və sosial problemlərin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. O, xüsusilə səhiyyə müəssisələrində mütəxəssis çatışmazlığının olduğunu, xəstələrin müalicə üçün Bakıya gəlməsinin isə ciddi çətinliklərlə müşayiət edildiyini bildirib.
Fazil Mustafa təklif edib ki, Naxçıvanla gediş-gəliş imkanları məhdud qaldığı müddətdə dotasiyanın azaldılması deyil, artırılması məsələsi nəzərdən keçirilsin. Eyni zamanda, muxtar respublikada yaşayan xəstələrin müalicə məqsədilə Bakıya ödənişsiz gediş-gəlişini təmin edən mexanizmin yaradılmasını təklif edib.
Qiymət Mahir