Naxçıvana dron hücumu, Tehran narahatlığı və Bakı səfəri… – Fidan nəyə işarə etdi?

Naxçıvana dron hücumu, Tehran narahatlığı və Bakı səfəri… – Fidan nəyə işarə etdi?
19.09.2026 20:40 Təhlil

Türkiyənin xarici işlər naziri Hakan Fidan “X” sosial şəbəkəsindəki hesabında Azərbaycana səfərinin yekunlarına dair etdiyi paylaşım edib. 

O, Türkiyənin qlobal problemlər və regional proseslər qarşısında hər zaman əməkdaşlıq və həmrəylik içində olduğu qardaş və müttəfiq Azərbaycana mühüm səfər həyata keçirdiyini qeyd edib. Hakan Fidan bir çox problemin yaşandığı bölgədə Türkiyə və Azərbaycanın iki sabitlik adası olduğunu vurğulayıb. 

Türkiyəli nazir Bakıda "sabitlik adası" deməklə hansı mesajı verib? İki türk ölkəsinə nə kimi kənar təhdidlər var?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Çingiz Şahbazi bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın sosial şəbəkə hesabında Azərbaycanın səfərinin yekunlarına dair etdiyi paylaşımda yer alan “Türkiyə və Azərbaycan bölgədə iki sabitlik adasıdır” ifadəsini sadəcə diplomatik tərif kimi deyil, eyni zamanda geosiyasi mesaj kimi qəbul etmək lazımdır:


“Hakan Fidanın 15–16 sentyabr 2026-cı il tarixlərində Bakıya səfərindən sonra verdiyi açıqlamada regional böhranlar, Cənubi Qafqazda sülh, enerji və nəqliyyat layihələri, müdafiə və təhlükəsizlik əməkdaşlığı xüsusi olaraq qeyd edilib.

Fidanın “iki sabitlik adası” ifadəsi Türkiyə və Azərbaycanın regiondakı qeyri-sabitlikdən kənarda olmadığına, əksinə, proseslərin mərkəzində təhlükəsizlik dayaqları kimi çıxış etdiyinə işarədir. Bununla o, Türkiyə və Azərbaycanı regionda təhlükəsizliyin əsas dayaqları kimi təqdim edir. Fidanın “Bölgədə çoxsaylı problemlər var” deməsi konkret olaraq regionun təhlükəsizlik mühitinə işarədir. Yəni Yaxın Şərqdə, Qara dənizdə və Cənubi Qafqazda böhranlar geniş miqyas alarkən Ankara və Bakı öz aralarında koordinasiyanı qoruyub saxlaya bilib. Həmçinin Fidan Türkiyə–Azərbaycan münasibətlərində qardaşlıq və xüsusilə müttəfiqlik müstəvisini qabardır və bunu iki ölkə arasında regional təhlükəsizlik tərəfdaşlığı kimi təqdim edir. Hakan Fidan Bakıda müdafiə və təhlükəsizlik sahəsində birgə təlimlərin, təcrübə mübadiləsinin və müdafiə sənayesi əməkdaşlığının davam etdiriləcəyini də qeyd edib. Naxçıvan bağlantısı, Zəngəzur istiqaməti, Orta Dəhliz və enerji layihələrinin də gündəmdə olması təhlükəsizlik və iqtisadiyyat məsələlərinin birlikdə nəzərdən keçirildiyini göstərir”.

Analitik bildirib ki, bütün bunlar xaricdən gələn böhranların Türkiyə və Azərbaycana keçməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda mesajın Türkiyə–Azərbaycan xəttini İran, Rusiya, İsrail, ABŞ və Avropa arasında daha geniş qarşıdurmalar fonunda qiymətləndirmək məqsədi daşıdığı görünür:

“Bilirsiniz ki, bu il Naxçıvan hava limanına İran ərazisindən dron hücumu baş verdi. Azərbaycan və İran arasında yaranan gərginlik Türkiyəni də çətin vəziyyətə sala bilərdi. Əlbəttə ki, bunun səbəbləri sırasında Ankara və Bakı arasındakı strateji və hərbi əlaqələri göstərmək olar. Azərbaycan və İsrail münasibətləri də Tehranı narahat edən amillərdəndir. Bu baxımdan Fidanın “sabitlik adaları” ifadəsi xüsusi diqqət çəkir. İran ətrafında gedən müharibənin Cənubi Qafqaza sıçramaması Türkiyə və Azərbaycanın ümumi marağındadır. Bu baxımdan Hakan Fidanın Bakıya səfərinin, keçirdiyi görüşlərin və apardığı müzakirələrin “iki sabitlik adası” mesajı ətrafında cəmləşdiyini desək, daha doğru olar. Bu ifadə, əslində, kifayət qədər böyük strateji məna daşıyır”.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 SENTYABR 2026
Bütün Xəbərlər