Erməni ordusu savaşa hazırlaşır: 500 km-lik PUA axtarışında
Ermənistan Müdafiə Nazirliyi digər ölkələrdə pilotsuz uçuş aparatlarının inkişafını yaxından izləyir.
TodayPress TV xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Ermənistan MN yerli pilotsuz uçuş aparatı istehsalçıları ilə əməkdaşlıq etsə də, ordu üçün daha böyük həcmdə PUA tədarükü həyata keçirmək niyyətindədir. Nazirliyin mütəxəssisləri ilk növbədə 500 kilometrədək mənzili olan hücum dronlarının sayının artırılmasını vacib hesab edir.
Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi orta mənzilli PUA-ların ən perspektivli xarici modellərinin müqayisəli təhlilini aparıb. Araşdırma zamanı ABŞ, Fransa, İran, Ukrayna, İsrail, Hindistan, Çin və Rusiyada istehsal olunan dronlar nəzərdən keçirilib.
“Hraparak” yazır ki, hərbi ekspertlər Hindistan istehsalı olan PUA-ları ən uyğun variant hesab ediblər. Buna səbəb kimi onların nisbətən aşağı qiyməti, süni intellektdən istifadə imkanları və qrup şəklində tətbiq edilə bilməsi göstərilir.
Nəşrin məlumatına görə, Ermənistan tərəfi digər ölkələrdən PUA alınmasının mümkün siyasi nəticələrini də nəzərə alır. Bildirilir ki, Rusiya, ABŞ, İran və Ukraynadan silah tədarükü müəyyən siyasi narazılıqlara səbəb ola bilər.
Bu baxımdan Ermənistanın Hindistanla pilotsuz texnologiyalar sahəsində əməkdaşlığı daha balanslı variant kimi qiymətləndirilir.
Beləliklə, Ermənistan ordusunun 500 kilometrədək mənzilli hücum dronlarının sayını artırmaq planı diqqət çəkir.
Kübra Musayeva