12-ci turda rəqiblərinə aman vermədilər: Çövkən Liqasında liderlərin şousu
Peşəkar Çövkən Liqasının 12-ci turunda liderlər qələbə qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasından məlumat verilib.
Turun açılış oyunu “Xəzər” və “Zəfər” komandaları arasında baş tutub. Bu qarşılaşmada nominal ev sahibinin gücü yalnız 1 təsəlli topuna çatıb. Əvəzində “Zəfər” səviyyəsini nümayiş etdirərək 5-1 hesablı zəfərini rəsmiləşdirib. “Sərhədçi” – “Embawood” oyunu daha gərgin olub. İkinci hissənin gedişində 3-0 hesabı ilə irəlidə olan “Sərhədçi” penalti vuruşundan istifadə edə bilməyincə “Embawood” üstünlüyü ələ alıb 2 dəfə fərqlənib. Amma bərabərlik qoluna vaxt çatmayıb. Oyun 3-2 hesabı ilə sərhədçilərin xeyrinə başa çatıb. 2-ci oyun günündə əsas müzakirə mövzusu “Polad” və “Elite” klublarının hansı hesabla qalib gələcəyi ilə bağlı olub. “Polad” “Omar”ı 7-0 məğlub etdiyi gün, “Elite” “Atilla”nın qapısından 5 cavabsız top keçirib. “Buta golden”lə oyuna çıxmadığı üçün “Şamaxı” komandasına 0-6 hesablı texniki məğlubiyyət verilib.
12 turdan sonra turnir cədvəlinə 33 xalla “Sərhədçi” başçılıq edir. “Elite” 29 xalla 2-ci, “Polad” 28 xalla 3-cüdür.
Sərrast oyunçuların mübarizəsində Vahid Məmmədov 24 qolla vahid liderdir. O, 2-ci yerdə qərarlaşmış Şamil İslamovu 7 top qabaqlayır.