Başa düşmürlər ki, SSRİ kimi Rusiya da dağılır - İmperiyaya RƏY
Rusiya hərtərəfli ciddi tənəzzül yaşayır.
1988-ci ildən başlanan imperiyanın dağılması prosesi artıq geridönməz mərhələyə çatıb. Şərqi Avropadakı mövqelərini itirən, Yaxın Şərqdən, Pribaltikadan və Qafqazdan geri çəkilmək məcburiyyətində qalan Rusiya keçmiş imperiya qüdrətindən xeyli uzaqlaşıb.
Bütün bunlara baxmayaraq, hələ də SSRİ xülyası ilə yaşamaq, dəyişən reallıqları görməzdən gəlmək absurddur. Rusiya bu gün başıaşağı çevrilmiş tısbağanı xatırladır. Hansı ki bu tısbağa üçün ölümə bərabərdir.
Ən böyük paradokslardan biri isə possovet məkanında o cümlədən Azərbaycanda Rusiyanı müdafiə edənlərin öz həyat tərzində ortaya çıxır. Evində Qərb texnologiyasından, Avropa avtomobillərindən istifadə edən, övladlarını Qərbdə oxudan, orada mülk alan insanlar eyni zamanda Qərbi pisləyir, Rusiyanı nümunə göstərirlər. Bu yanaşma açıq ziddiyyətdir və reallıqla ideoloji baxışlar arasındakı uçurumu göstərir.
Tarix dəfələrlə sübut edib ki, Rusiyanın dövlətlər və siyasi rejimlərlə münasibətlərində əsas meyar dostluq deyil, maraqlardır. Venesuelada Nikolas Maduro, Suriyada Bəşər Əsəd ətrafında baş verənlər də Moskvanın müttəfiqlərinə münasibətinin nə qədər saxtakar olduğunu göstərir. Çətin məqamda öz maraqlarını müttəfiqlərinin taleyindən üstün tutan Kremlin siyasəti hamıya məlumdur. Necə deyərlər, meymunun boğazına su çatanda öz balasını da ayağının altına qoyar.
Rusiya həm daxili problemlərin ağırlığı altında əzilir, həm də beynəlxalq mövqelərini itirir. Buna baxmayaraq, imperiya keçmişinə nostalji yanaşmaq və SSRİ-nin bərpasını mümkün hesab etmək reallıqdan uzaqdır. Tarix geriyə dönmür. Bu reallığı qəbul etməyin və köhnə imperiya xülyalarından əl çəkməyin vaxtıdır.
Jalə Rövşən