1828-ci il olmasaydı, bu gün Şimal Xamenei fətvası ilə oyanırdı?

1828-ci il olmasaydı, bu gün Şimal Xamenei fətvası ilə oyanırdı?
17.11.2026 11:28 Təhlil

Bəzən sosial şəbəkələrdə, yaxud çay süfrəsi arxasındakı qızğın mübahisələrdə elə bir cümlə səslənir ki, adamı bir anlıq ayaq saxlayıb düşünməyə vadar edir: "Az qala deyəsən, nə yaxşı ki, 1828-ci ildə ayrılıb ruslara qoşulmuşuq, yoxsa nə Azərbaycan adlı yer var idi, nə də dövlət..."

İllərdir cənubda soydaşlarımızın dilinə, məktəbinə, milli kimliyinə qoyulan qadağaları, teokratik rejimin basqılarını görəndə insanın içində belə bir müqayisənin yaranması hardasa başadüşüləndir. Amma gəlin hissləri bir kənara qoyub, məsələyə soyuq ağılla və tarixin real pəncərəsindən baxaq. Çünki tarix “nə yaxşı ki”lərlə deyil, səbəb-nəticə qanunları ilə yazılır.

1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri Azərbaycan xalqının iradəsi ilə bağlanmamışdı. Bu, XIX əsrin əvvəllərində Qafqaz uğrunda diş-dişə çarpışan iki imperiyanın - Çar Rusiyası ilə Qacarlar dövlətinin öz aralarında cızdığı sərhəd xətti idi. O zaman nə Şimalda, nə də Cənubda kimsə bizim rəyimizi soruşmuşdu.

Əgər bu gün Şimalda müstəqil Azərbaycan Respublikası varsa, bu, Çar Rusiyasının və ya sonradan qurulan Sovet imperiyasının bizə bəxş etdiyi "hədiyyə" deyil. Əksinə, imperiyanın bütün əritmə, ruslaşdırma və mənəvi aşındırma siyasətinə baxmayaraq, bu millətin öz içindən çıxardığı ziyalıların - Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Rəsulzadənin və 1918-ci ildə Şərqdə ilk Cümhuriyyəti quran o böyük nəslin mübarizəsinin nəticəsidir. Rus imperiyası bizə dövlət vermək üçün gəlməmişdi; biz o imperiyanın dağıntıları altından öz dövlətimizi dişimizlə, dırnağımızla qoparıb çıxardıq.

Məsələnin ikinci və ən həssas tərəfi Cənubdakı on milyonlarla soydaşımıza olan münasibətdir. Bu gün İrandakı teokratik rejimin - molla sisteminin yaratdığı mənzərəyə baxıb, oradakı bütöv bir xalqı təhqiramiz ifadələrlə aşağılamaq, onları "təslim olmuş kütlə" kimi görmək nə tarixi həqiqətə sığır, nə də milli vicdana.

Unutmayaq ki, son yüz ildə İranda baş verən bütün böyük azadlıq hərəkatlarının - Səttarxan məşrutəsinin, Şeyx Məhəmməd Xiyabani üsyanının, Seyid Cəfər Pişəvəri hökumətinin önündə məhz Təbriz, Ərdəbil, Urmiya dayanıb. Bu gün də o ağır zülm və edam maşınının qarşısında milli kimliyini, dilini, musiqisini qoruyub saxlayan milyonlarla insan var. Rejimin günahını xalqın ayağına yazmaq, o insanların çəkdiyi əzabı görməzdən gəlib onları aşağılamaq əslində elə həmin rejimin dəyirmanına su tökməkdir.

Tarixdə "pis" ilə "daha pis" arasında seçim etmək məcburiyyətində qalan tək xalq biz deyilik. Şimalda dünya elminə, dünyəvi təhsilə və müasir dövlətçilik modelinə çıxış əldə etdik, amma bunun əvəzində torpaqlarımızın bölünməsi, Qarabağ faciəsi və yetmiş illik repressiya bədəlini ödədik. Cənub isə başqa bir imperiya zehniyyətinin - fars şovinizmi ilə dini pərdənin birləşdiyi ağır bir sınağın içində qaldı.

Bu gün bizim ən böyük gücümüz kimisə aşağılamaqda və ya tarixi bölünməyə haqq qazandırmaqda deyil. Əsl gücümüz odur ki, Şimalda qurduğumuz bu müstəqil, qalib və dünyəvi Azərbaycan dövlətini elə bir cazibə mərkəzinə çevirək ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üzünü məhz Bakıya tutsun.

Çünki dövlət olmaq təkcə sərhəd çəkmək deyil, həm də sərhədin o tayındakı qardaşının taleyinə böyük ürəklə və ağsaqqal təmkini ilə sahib çıxmaqdır.

İsmayıl Şahlı

XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər