Ənvər Paşa erməniləri Azərbaycan əleyhinə qaldırdı...

Ənvər Paşa erməniləri Azərbaycan əleyhinə qaldırdı...
18.11.2026 12:22 Təhlil

Ermənistan parlamentinin adından yayıldığı iddia edilən saxta məlumatlar və süni intellekt vasitəsilə hazırlanan manipulyativ vizuallar növbəti dəfə ermənilərin informasiya manipulyasiyası məsələsini gündəmə gətirir.

Xüsusilə “issmailenverpasa” adlı səhifədə süni intellekt vasitəsilə yaradılan vizual material geniş müzakirələrə səbəb olub. 


Belə ki, paylaşımda Ermənistan parlamentinin iclas zalı və Osmanlı imperiyasının tanınmış hərbi-siyasi xadimlərindən biri olan Ənvər Paşanın fotosu yer alıb. İddia edilir ki, guya Ermənistan parlamenti Türkiyə və Azərbaycanda Ənvər Paşanın adının əbədiləşdirilməsinə, küçələrə verilməsinə və onun xatirəsinin yad edilməsinə etiraz edib.

Lakin Ermənistanın rəsmi qurumlarının və ya parlamentinin bu məzmunda hər hansı qərarı və bəyanatı mövcud deyil. Beləliklə, paylaşımda parlamentin rəsmi mövqeyi kimi təqdim edilən məlumatın təsdiqlənmiş əsası yoxdur. Süni intellektlə hazırlanmış vizualın real parlament qərarı təəssüratı yaratması isə ictimai rəyi çaşdırmaq baxımından xüsusi diqqət çəkir.

Bəs bu manipulyasiya niyə məhz Ənvər Paşanın adı üzərindən qurulur?

Məsələnin kökündə tarixi yaddaş fərqləri dayanır. Azərbaycan və Türkiyə ictimaiyyəti üçün Ənvər Paşa müstəqillik tariximizin ən kritik məqamlarında yanımızda olan böyük sərkərdədir. 1918-ci ildə yenicə yaranmış, gənc Azərbaycan Xalq Cümhuriyyəti Bakıda bolşevik-daşnak birləşmələrinin işğalı və ağır hərbi-siyasi böhranla üz-üzə qalanda, məhz Ənvər Paşanın qətiyyətli təşəbbüsü ilə Qafqaz İslam Ordusu yaradıldı. Aprelin 5-də verilən o tarixi əmr və Nuru Paşanın komandanlığı ilə aparılan mübarizə nəticəsində sentyabrın 15-də Bakı işğaldan azad olundu. İki gün sonra – sentyabrın 17-də Fətəli xan Xoyski hökuməti Gəncədən Bakıya köçdü və şəhər əbədi paytaxtımıza çevrildi.

Ermənistan mühitində isə Ənvər Paşa 1915-ci il hadisələri zamanı Osmanlı hərbi naziri və "İttihad və Tərəqqi" liderlərindən biri kimi tutduğu mövqeyə görə qıcıq doğuran fiqur sayılır.

Görünən odur ki, kimlərsə bu həssas tarixi paralellərdən istifadə edərək süni gündəm yaratmağa çalışır. Ancaq reallıq dəyişmir: Azərbaycan və Türkiyə öz tarixinə sahib çıxır, Bakının azad edilməsində misilsiz xidmətləri olan şəxsiyyətlərin xatirəsini uca tutur. Bu cür saxta xəbərlər və süni intellekt oyunları isə  ictimai rəyi çaşdırmaq cəhdindən o tərəfə keçmir.

Jalə Rövşən 
XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər