Nyu-York-un müsəlman meri Azərbaycan bayrağına əl uzatdı
Ermənipərəst “Akoonk Media” səhifəsinin yaydığı xəbərə görə, Nyu-Yorkda yaşayan ermənilərin və Amerika Erməni Milli Komitəsinin (ANCA) rəsmi müraciətlərindən sonra noyabrın 16-da Aşağı Manhettendəki “Bowling Green” parkında Zəfər Günü münasibətilə qaldırılmış Azərbaycan bayrağı endirilib.
Mənbə yazır ki, ANCA-nın məktubuna cavab olaraq Nyu-York meri Zohran Məmdaninin ofisi erməni icması ilə həmrəylik bəyanatı yayıb və merin 24 aprel müraciətinə istinad edərək onların tərəfini saxladığını bildirib.
Açıq-aydın görünür ki, Nyu-York merinin bu hərəkəti təsadüf deyil, birbaşa erməni lobbisinin təzyiqlərinə boyun əyməkdir. Özünü müsəlman kimi təqdim edən bir siyasətçinin 30 illik işğala son qoyub məscidlərini azad edən Azərbaycanın Zəfər bayrağına qarşı belə addım atması onun hansı mənəvi dəyərlərə sahib olduğunu ortalığa qoyur.
Yerli seçkilərdə erməni diasporunun bir neçə səsini qazanmaq naminə dövlət rəmzini hədəfə almaq lobbi sifarişlərinin Məmdaninin ədalətindən üstün tutduğunu göstərir.
Əslində, məsələ təkcə bir merin mövqeyi ilə də bitmir. Bu, illərdir Qərbdə erməni lobbisinə yaradılan şəraitin, onlara açılan meydanın nəticəsidir. ABŞ və Avropanın bəzi siyasi dairələri erməni diasporunun pullarından, seçki kampaniyalarına yatırdığı vəsaitlərdən və səsvermə gücündən alət kimi istifadə edirlər.
Bu oyunda nə beynəlxalq hüquq, nə də tarixi həqiqət yada düşür - əsas olan lobbinin istəyini yerinə yetirməkdir. Qərbdəki bəzi güclər bu şəbəkəyə o qədər üz veriblər ki, ANCA kimi qurumlar artıq özlərini suveren bir dövlətin bayrağına əl uzadacaq qədər arxayın hiss edirlər.
2020-ci ildə Azərbaycanın öz torpaqlarını azad etməsi və bölgədə yeni reallıq yaratması Qərbdəki anti-Azərbaycan mərkəzlərinin yuxusunu ərşə çəkib.
Döyüş meydanında uduzan, siyasi masada sözü qalmayan erməni lobbisi indi Qərb siyasətçilərinin əli ilə revanş almağa, Zəfərimizə kölgə salmağa çalışır. Qərb dairələrinin bu təxribatlara göz yumması, hətta onlara rəsmi dəstək verməsi isə Azərbaycana qarşı illərdir davam edən ikili standartların növbəti nümunəsidir.
Rəsmi şəxs erməni icmasının əlində alətə çevrilib. Belə çıxır ki artıq Nyu-York ermənilərin əlindədir. Bir ovuc səs qarşılığında tarixi ədaləti və dövlət rəmzini ayaqlar altına atmağa çalışan bu yanaşma həm Nyu-York meriyasının, həm də Qərbdəki ermənipərəst dairələrin əsl simasını bir daha göstərir.
Jalə Rövşən