Lerikdə qızıl axtaran şəxslərdən biri öldü, digər iki nəfər saxlanıldı - YENİLƏNDİ
Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran daha bir şəxs saxlanılıb.
TodayPress TV xəbər verir ki, polis tərəfindən davam etdirilən tədbirlərlə qaçan hadisə iştirakçısı R.Qasımov da tutulub.
***
Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.
TodayPress TV xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Digər şəxs E.Kərimov saxlanılıb.
Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.
Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan təsdiqləyiblər.