Bir zənglə bütün pulunuzu itirə bilərsiniz: Saxta kredit tələsinə necə salırlar? - AÇIQLAMA

Bir zənglə bütün pulunuzu itirə bilərsiniz: Saxta kredit tələsinə necə salırlar? - AÇIQLAMA
27.11.2026 11:27 Sosial

Sosial şəbəkələrdə yayılan saxta kredit elanları, bank kartlarından pulun mənimsənilməsi və müxtəlif kiberdələduzluq üsulları vətəndaşları ciddi maddi zərərlə üz-üzə qoyur. Bəzən insanlar asan kredit əldə etmək ümidi ilə dələduzların toruna düşür, bəzən isə kart məlumatlarını paylaşaraq hesablarındakı vəsaiti itirirlər.

Saxta kredit vədləri ilə vətəndaşları aldadan şəxsləri hansı hüquqi məsuliyyət gözləyir və zərərçəkmişlər dəymiş maddi zərərin qaytarılması üçün hara müraciət etməlidirlər?

Həmçinin müştərinin xəbəri olmadan kartından pul çıxarıldıqda bank hansı hallarda məsuliyyət daşıyır, vətəndaşın kart məlumatlarını özü paylaşması məsuliyyəti dəyişirmi və bankların kiberdələduzluğa qarşı hansı təhlükəsizlik öhdəlikləri var?

Sözügedən məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov TodayPress TV-yə danışıb.


O, belə halların yaranmasında vətəndaşların maliyyə savadlılığının aşağı olmasının da rol oynadığını bildirib:

“Təəssüf ki, belə halların əksəriyyəti insanların maliyyə savadlılığının aşağı olması və asanlıqla aldanmaları səbəbindən baş verir. Dələduzlar da məhz bu amili nəzərə alaraq müxtəlif saxtakarlıqlara, mənimsəmələrə və dələduzluq hallarına əl atırlar. Məsələn, saxta elanlar yerləşdirərək vətəndaşlara kredit təklif edir, onlardan əvvəlcədən pul tələb edirlər. Vətəndaşlar isə daha diqqətli və ayıq olmalıdırlar. Kredit təklif edən təşkilatın Mərkəzi Bankın rəsmi saytındakı siyahıda olub-olmadığını, rəsmi saytında belə bir elan yerləşdirilib-yerləşdirilmədiyini yoxlamaq lazımdır. Əgər belə bir məlumat yoxdursa, böyük ehtimalla, bu, dələduzluq cəhdidir”.

Mütəxəssis  dələduzların müəyyənləşdirildiyi halda cinayət məsuliyyətinə cəlb oluna biləcəyini qeyd edib:

“Belə hallarda məsuliyyət, ilk növbədə, vətəndaşı aldadan şəxslərin üzərinə düşür. Əgər dələduzları müəyyənləşdirmək mümkün olarsa, onlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb edilə və bir neçə il müddətinə azadlıqdan məhrum oluna bilərlər. Cəzanın müddəti mənimsənilən pulun məbləğindən, zərərçəkənlərin sayından, eləcə də cinayətin mütəşəkkil dəstə tərəfindən törədilib-törədilməməsindən asılıdır. Məbləğ və cinayətin digər halları nəzərə alınmaqla, cəza 10 ilədək azadlıqdan məhrumetmə də ola bilər. Təəssüf ki, əksər hallarda həmin şəxslər Azərbaycanda olmur və ya onları müəyyənləşdirmək mümkün olmur. Bəzən vətəndaşlar heç kimi tərəfindən aldadıldıqlarını da dəqiq bilmirlər. Bu isə həmin şəxslərin tapılmasını çətinləşdirir”.

Bank kartlarından pul oğurlanması hallarına toxunan hüquqşünas vətəndaşların kart məlumatlarını paylaşması ilə bankın məsuliyyəti məsələsinin fərqli qiymətləndirildiyini vurğulayıb:

“Əksər hallarda vətəndaşlar özləri kart məlumatlarını üçüncü şəxslərə təqdim edirlər. Bəzən onlara zəng edərək özlərini bank əməkdaşı kimi təqdim edirlər. Halbuki bank əməkdaşları telefon vasitəsilə müştərilərdən kart məlumatlarını və məxfi məlumatları tələb etmirlər. Digər hallarda isə vətəndaşlar tanımadıqları, şübhəli saytlardan alış-veriş edirlər. Vətəndaş kart məlumatlarını özü təqdim etdiyi halda bankın məsuliyyət daşıması məsələsi fərqli qiymətləndirilməlidir. Çünki əməliyyat müştərinin təqdim etdiyi məlumatlar əsasında həyata keçirilir.

Lakin vətəndaş heç kimə kart məlumatlarını vermədiyini, şübhəli saytlarda ödəniş etmədiyini bildirirsə, bankın məsuliyyəti də araşdırılmalıdır. Çünki belə bir ehtimal var ki, bankın informasiya təhlükəsizliyi sistemi lazımi səviyyədə qorunmayıb və hakerlər həmin sistemə daxil olaraq müştərilərin məlumatlarını ələ keçirib, onların hesablarından pul çıxarıblar. Əgər bankın sisteminə müdaxilə baş veribsə, digər müştərilər də oxşar problemlə üzləşə bilərlər. Belə hallarla üzləşən vətəndaşlar ilk növbədə polisə müraciət etməli, baş verən hadisə ilə bağlı bütün məlumatları təqdim etməlidirlər”.

Jalə Rövşən 

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər