İran ABŞ-dən iki neft tankerini geri aldı
İran Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları ABŞ tərəfindən ələ keçirildiyi bildirilən iki neft tankerini geri qaytarıb.
TodayPress TV xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şahram İrani açıqlama verib.
Onun sözlərinə görə, İran hərbçiləri ABŞ qüvvələrinin gözləmədiyi vaxtda əməliyyat keçirərək tankerləri geri almağa nail olublar.
“ABŞ hərbçiləri iki İran neft tankerini ələ keçirmişdi. Lakin qüvvələrimiz onların heyətləri yatarkən gəmilərə daxil olaraq tankerləri geri qaytara bildi”, – deyə komandan bildirib.
Şahram İrani hadisənin nə vaxt baş verdiyi və tankerlərin ABŞ tərəfindən hansı şəraitdə ələ keçirildiyi barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, ABŞ və İran arasında münasibətlər gərgin olaraq qalır. ABŞ prezidenti Donald Tramp noyabrın 22-də iki ölkə arasında sülh razılaşması əldə olunmayacağı təqdirdə Yeni ildən sonra İrana qarşı hərbi əməliyyatların bərpa edilə biləcəyini bildirib.
Vaşinqton və Tehran vasitəçilər vasitəsilə danışıqları davam etdirsə də, tərəflər arasında hələlik razılaşma əldə olunmayıb.
Türkan İsgəndərli