“Çox təəssüflənirəm” – Banyaya mövsümün son yarışından kənarda qaldı
“Ducati” komandasının pilotu Françesko Banyaya MotoGP üzrə mövsümün sonuncu - Valensiya Qran-prisində iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Motorsport” nəşrinə açıqlama verib.
İtaliyalı pilot buna səbəb kimi Qətər Qran-prisinin sprint yarışında keçirdiyi qəza nəticəsində aldığı xəsarətləri göstərib. Onun sözlərinə görə, həkimlər baş nahiyəsində kiçik qanaxma aşkar ediblər və yenidən trasa çıxmasına icazə verməyiblər.
Banyaya bildirib ki, ayağındakı zədə demək olar ki, sağalıb. Lakin başındakı qanaxma ilə bağlı mümkün risklər onun yarışa qayıtmasına mane olub.
“Bu motosikletlə sonuncu dəfə trasa çıxa bilməyəcəyimə görə çox təəssüflənirəm. Problem ayağımda deyil, o, demək olar ki, sağalıb. Qətərdəki qəza çox ciddi idi və başımdan zədə almışdım. Hələ də həmin nahiyədə bir qədər qan var. Düşünürəm ki, bu, qanaxmadır. Həcmi çox az olduğundan vəziyyətimlə bağlı ciddi narahatlığımız yoxdur. Ancaq daha ağır fəsadların yaranma ehtimalı var. Buna görə də mövsümün son anlarını birlikdə yaşaya bilməyəcəyik”, – deyə pilot bildirib.
Qeyd edək ki, Banyaya Qətər Qran-prisinin sprint yarışında ilk döngədə Fermín Aldegerlə toqquşduqdan sonra yıxılıb.
Namiq HUN