Azərbaycanda nazirlə görüşmək market rəhbəri ilə görüşməkdən asandır - Eyyub Hüseynov
Dünya bazarında məhsullar ucuzlaşanda bu azalma azərbaycanlı istehlakçıya çatmır, yerli istehsalçılar rəflərə çıxmaq üçün əlavə ödənişlərlə üzləşir, kiçik marketlər isə iri şəbəkələrlə rəqabətdə yox olub gedirlər. Bütün bunlar ölkədə pərakəndə satış bazarında rəqabətin nə dərəcədə sağlam olduğu və qiymət siyasətinin kimin maraqlarına xidmət etdiyi sualını gündəmə gətirir.
Sözügedən məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov TodayPress TV-nin suallarını cavablandırıb.

Onun sözlərinə görə, xarici bazarlarda qiymətlər artan kimi Azərbaycan bazarı buna dərhal reaksiya verir, lakin qiymətlər aşağı düşəndə eyni proses müşahidə olunmur:
“Azad İstehlakçılar Birliyinin 30 illik təcrübəsi göstərir ki, xarici bazarda malların və xidmətlərin qiyməti qalxan kimi Azərbaycan bazarı buna tez reaksiya verir. Lakin qiymətlər aşağı düşəndə heç bir reaksiya müşahidə olunmur. Bu, 2009-cu ilin dünya maliyyə böhranı zamanı da baş verdi. Biz vəziyyəti diqqətlə izlədik. Bütün dünyada istehlakçılar ucuzlaşan mal və xidmətlərdən faydalandılar, lakin Azərbaycanda bu baş vermədi. Buradan belə nəticəyə gəlirik ki, Azərbaycan bazarında inhisarçılıq, ən azı, kartel sövdələşmələri mövcuddur. Azərbaycan kiçik bazardır və biznes çox azsaylı bir qrupun əlində cəmləşib. Buna görə də həmin qruplar qiymətləri asanlıqla müəyyən edə bilirlər. İndiyədək dövlət orqanlarının məlumatlarında hər hansı kartel sövdələşməsinin qarşısının alındığını görməmişik. Bu da bir daha göstərir ki, xarici bazarda qiymət artımı Azərbaycan bazarında da bahalaşma ilə müşayiət olunur, lakin qiymətlər aşağı düşəndə eyni proses baş vermir. Bu, Azərbaycan bazarının inhisarçılığın və kartel sövdələşmələrinin əsirinə çevrildiyini göstərir. Yəni gizli qiymət razılaşmaları var”.
O, istehsalçıların market şəbəkələrindən asılı vəziyyətə düşdüyünü, məhsulların rəflərdə yerləşdirilməsi üçün yüksək məbləğlər tələb edildiyini bildirib:
“Bəli, market şəbəkələrinə daxil olmaq üçün külli miqdarda pul tələb olunur. Məsələn, İsmayıllıda bir bal istehsalçısı mənə dedi ki, məhsulunu market şəbəkəsinin rəfində yerləşdirmək üçün ondan 20 min manat istəyiblər. Hazırda market şəbəkələrinin rəhbərləri ilə görüşmək, hətta nazirlə görüşməkdən də çətindir. Əvvəlcədən pul ödənilir və rəfdə müəyyən yer tutulur. Hətta rəfin hansı hissəsində məhsulun yerləşdirilməsinin də öz qiyməti var.
Bundan sonra mal gətirənlər market şəbəkələrindən asılı vəziyyətə düşürlər. Marketlər endirim və aksiyalar keçirdiklərini, havayı mal payladıqlarını bildirirlər. Lakin bütün bunlarda mal gətirənlər onların tələblərinə tabe olmağa məcbur qalırlar. Çünki artıq şəbəkədən asılıdırlar və məhsullarının satışdan çıxarılacağından qorxurlar. Məsələn, zavod çörək istehsalçıları mənə deyiblər ki, market şəbəkəsinin müəyyən satış nöqtəsində gündə 30 çörəklərinin satılacağını bilirlər. Lakin market rəhbərliyi rəfin dolu olmasını tələb edir və 60 çörək gətirmələrini istəyir. Nəticədə axşam satılmayan 30 çörək qurumuş və yararsız vəziyyətdə istehsalçıya qaytarılır. İstehsalçı isə həmin çörəkləri hara yönəldəcəyini, kimə verəcəyini bilmir. Bəzən onları ümumiyyətlə geri götürmək də mümkün olmur. Belə problemlər istehsalçılarla market şəbəkələri arasında ciddi çətinliklər yaradır. Digər mühüm məsələ isə market şəbəkələrinin istehsalçılara və mal gətirənlərə ödənişləri gecikdirməsi, bəzən isə ümumiyyətlə etməməsidir”.
Ekspert market şəbəkələrinin istehsalçılara ödənişləri gecikdirməsinin də biznesin inkişafına mane olduğunu vurğulayıb:
“Mən bu məsələni Sahibkarlar Assosiasiyası ilə dəfələrlə müzakirə etmişəm. Nazirlər Kabinetinin müvafiq qərarı olmalı, vahid müqavilə forması təsdiqlənməlidir. Türkiyədə və Rusiyada olduğu kimi, Azərbaycanda da market şəbəkələri istehsalçılara və mal gətirənlərə ödənişləri vaxtında həyata keçirmək öhdəliyini üzərinə götürməlidir. Qeyd etdiyim kimi, mal gətirənlər market şəbəkələrindən o qədər asılı vəziyyətdədirlər ki, qorxularından səslərini çıxara bilmirlər. Ödənişlər vaxtında edilmədiyi üçün onlar investisiya qoyaraq öz bizneslərini genişləndirə bilmirlər. Bu da, əlbəttə, məhsulların qiymətinə və biznesin inkişafına mənfi təsir göstərir”.
İdxal bazarındakı vəziyyətə toxunan sədr bəzi məhsul qruplarında inhisarlaşmanın hələ də davam etdiyini deyib:
“Əlbəttə, xaricdən mal gətirənlərin hamısı gömrük orqanlarından keçir. Lakin vaxtilə idxal sahəsində çox geniş monopoliya mövcud idi. Getdikcə bu monopoliya zəifləyir. Çünki gömrük sistemində dəyişikliklər aparılıb, rəqəmsal platformalar yaradılıb və vəziyyət xeyli yaxşılaşıb.
Təəssüflər olsun ki, bir çox məhsul seqmentləri, məsələn, parfümeriya, bitki yağları və digər bu kimi sahələr hələ də müəyyən qrupların əlində cəmləşib. Buna görə də həmin qruplar qiymətləri müəyyənləşdirirlər. Digər ciddi problem isə market şəbəkələrinin qiymət siyasəti ilə bağlıdır. Məsələn, məhsulun rəfdə göstərilən qiyməti ilə kassada tələb olunan qiymət arasında fərq olur. İstehlakçı hüquqlarının bu cür pozulması və aldatma halları da geniş yayılıb”.
Müsahibimiz istehlakçı hüquqlarının müdafiəsində dövlət nəzarətinin gücləndirilməsinin vacibliyini vurğulayıb:
“Bütün bu hallara son qoyulmalıdır. Mövcud problemlərin əsas səbəbi ölkədə istehlakçı siyasətinin və istehlakçı hüquqlarını qoruyan dövlət orqanının fəaliyyətinin çox aşağı səviyyədə olmasıdır. Hökumətin birtərəfli siyasəti, biznesə toxunmaq olmaz yanaşması istehlakçı hüquqlarını arxa plana keçirib və bizi indiki vəziyyətə gətirib çıxarıb.
Kiçik marketlərin bağlanmasının qəti əleyhinəyəm. Onlar bazarda alternativ rolunu oynayırlar. Lakin iri market şəbəkələri o qədər aqressiv fəaliyyət göstərirlər ki, kiçik marketlər sıradan çıxır. Nəticədə bütün ticarət subyektlərinin iri marketlərdə cəmləşməsi prosesi gedir. Bu isə istehlakçıların mal və xidmətlərə əlçatanlığının azalmasına gətirib çıxara bilər”.
Jalə Rövşən