Türkiyə İranla qaz müqaviləsininin müddətini uzatdı
Türkiyə İran qazının idxalı ilə bağlı müqavilənin müddətini daha altı il uzatmaq barədə razılığa gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Türkiyənin dövlət qaz şirkəti BOTAŞ və İranın Milli Qaz Şirkəti arasında mövcud müqavilənin müddətinin 2032-ci ilədək uzadılması barədə razılıq əldə olunub.
Mənbələrin bildirdiyinə görə, müqavilənin müddəti iyul ayında başa çatmalı idi. Tərəflərin qaz tədarükünü əvvəlki səviyyədə, yəni ildə 10 milyard kubmetr həcmində saxlayıb-saxlamayacağı isə hələlik məlum deyil.
Bildirilib ki, razılaşmanın rəsmi sənədi hələ ictimaiyyətə açıqlanmayıb.
“Bloomberg” qeyd edir ki, boru kəmərləri vasitəsilə qaz ixracı İran üçün mühüm gəlir mənbəyidir. Xüsusilə ABŞ ilə münasibətlərin gərginləşməsi və İranın neft ixracına tətbiq olunan məhdudiyyətlər fonunda bu əməkdaşlığın əhəmiyyəti artır.
Qeyd edək ki, İran və Türkiyə arasında enerji əməkdaşlığı regionun qaz bazarında mühüm yer tutur. Yeni razılaşmanın qüvvəyə minməsi ilə iki ölkə arasında qaz ticarətinin davam etdirilməsi nəzərdə tutulur.
Türkan İsgəndərli