Putinlə Paşinyan arasında keçiriləcək görüşdə müzakirə olunacaq mövzular açıqlandı
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) gələcək üzvlüyü və ölkədə yerləşən 102-ci Rusiya hərbi bazasının taleyi müzakirə ediləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya mediası Kremlin sözçüsü Dmitri Peskova istinadən məlumat yayıb.
Peskov bildirib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində irəliləmək və eyni zamanda Aİİ çərçivəsində fəaliyyətini davam etdirmək niyyəti bir-biri ilə uzlaşmır.
Görüşdə tərəflərin Ermənistanın gələcək iqtisadi və siyasi istiqaməti, eləcə də Rusiyanın hərbi mövcudluğu ilə bağlı məsələləri müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Moskva Ermənistanın Aİ-yə inteqrasiyasının Aİİ-də üzvlüklə uyğun olmadığını dəfələrlə bəyan edib. 102-ci Rusiya hərbi bazası isə Ermənistanın Gümrü şəhərində yerləşir.