"Müəllimlərə elə pensiya verilməlidir ki, səfalət içində yaşamasınlar" - AÇIQLAMA

"Müəllimlərə elə pensiya verilməlidir ki, səfalət içində yaşamasınlar" - AÇIQLAMA
27.11.2026 14:00 Sosial

Deputat Ceyhun Məmmədov müəllimlərin pedaqoji fəaliyyət yaşının artırılmasını təklif edib. Millət vəkili bildirib ki, mövcud 65 yaş məhdudiyyəti aradan qaldırılmalı və qanunvericiliyin imkan verdiyi çərçivədə müəllimlərin 70 yaşınadək pedaqoji fəaliyyətlə məşğul olmasına şərait yaradılmalıdır. Onun fikrincə, bu, həm müəllimlərin əmək fəaliyyətinin düzgün tənzimlənməsi, həm də tədris prosesinin davamlılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Maraqlıdır, müəllimlərin pedaqoji fəaliyyət yaşının 70-dək artırılması təhsil sisteminə hansı üstünlükləri və mümkün çətinlikləri gətirə bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Elşən Qafarov deputatın təklifi ilə razılaşmayıb.

Onun fikrincə, müəllimlərin çalışma yaş həddini artırmaq yerinə azaltmaq lazımdır:

"Hörmətli deputat Ceyhun müəllim də pedaqoji fəaliyyətlə məşğul olub və universitet yaradan, ali təhsil müəssisəsinə rəhbərlik edən rektorlarımızdan biridir. Düşünürəm ki, pedaqoji fəaliyyət, xüsusilə də ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində müəllimlik fəaliyyəti ilə məşğul olan şəxslər üçün çalışma yaş həddi 60 yaşdan yuxarı olmamalıdır.

Müəllimlərin pensiya, yəni təqaüd sistemi fərqli qaydada hesablanmalıdır. Müəllim uzun illər işlədikdən sonra cəmi 250-300 manat təqaüd alırsa, təbii ki, dolanışığını təmin etmək üçün son nəfəsinə qədər işləməyə məcbur qalacaq".

Ekspert əlavə edib ki, bir çox ölkələrin təcrübəsini, eləcə də sovet dövründəki yanaşmaları nəzərə alaraq, müəllimlər üçün çalışma yaş həddini 60 yaşa endirmək lazımdır. Bu güzəşt yalnız müəllimlərə şamil edilməlidir. Çünki müəllimlər uzun illər ərzində intensiv zehni fəaliyyətlə məşğul olurlar.

"Eyni zamanda, kənd məktəblərində çalışan müəllimlərə 25 illik pedaqoji fəaliyyətdən sonra pensiyaya çıxmaq imkanı yaradılmalıdır. Fikrimcə, müəllim əməyinə verilən qiymət və onun pensiya təminatı daha düzgün şəkildə müəyyənləşdirilməlidir. Müəllimin pensiyası elə hesablanmalıdır ki, o, təqaüdə çıxdıqdan sonra ən azı minimum əməkhaqqının 1,5 misli qədər pensiya ala bilsin. Bu, müəllimlərin sosial müdafiəsinin təmin olunması baxımından olduqca vacibdir.

Belə bir yanaşma, eyni zamanda, pedaqoji sahədə gənc, enerjili və yeni nəsil müəllimlərin fəaliyyətinə daha geniş imkan yaradacaq. Digər tərəfdən, pensiyaya çıxan müəllimlərin də ən azı layiqli yaşayış səviyyəsi təmin olunacaq".

Elşən Qafarov qeyd edib ki, müəllim pensiyaya çıxdıqdan sonra minimum əməkhaqqının ən azı 1,5 misli qədər pensiya almalıdır. Buna səbəb o, ağır sosial vəziyyətə düşməsin və ömrünü həsr etdiyi peşədən sonra səfalət içində yaşamağa məhkum olmasın.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 NOYABR 2026
Bütün Xəbərlər