Tramp Vyetnamda 60 mərtəbədən hündür göydələn tikdirir – YENİ LAYİHƏ
ABŞ prezidenti Donald Trampın ailəsinə məxsus “The Trump Organization” şirkətinin brendi altında Vyetnamın paytaxtı Hanoyda ən azı 60 mərtəbəli göydələn tikilməsi planlaşdırılır.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “Tramp Qülləsi”nin paytaxtın nüfuzlu ərazilərindən biri olan Vest Leyk yaxınlığında inşa edilməsi nəzərdə tutulur. Layihə bu ilin may ayında yerli hakimiyyət orqanlarına təqdim edilsə də, hələlik təsdiqlənməyib.
Tikinti işlərinə 2027-ci ilin sonu və ya 2028-ci ildə başlanması planlaşdırılır.
Agentliyin məlumatına görə, noyabrın 26-da Vyetnam hökumətinin nümayəndələri “Kinh Bac City Development Company” də daxil olmaqla yerli tikinti şirkətlərinin təmsilçiləri ilə layihəni müzakirə ediblər.
Qeyd edək ki, bu layihə Vyetnamda Tramp brendi ilə həyata keçirilməsi nəzərdə tutulan üç layihədən biridir. Hazırda Hanoy yaxınlığında 1,5 milyard dollar dəyərində qolf kompleksi tikilir. Bundan başqa, ölkənin ən böyük şəhəri Hoşimin şəhərində də “Tramp Qülləsi”nin inşası planlaşdırılır.
Bununla da Vyetnam Tramp ailəsinin daşınmaz əmlak layihələrinin həyata keçirildiyi ölkələrdən birinə çevrilə bilər.
Türkan İsgəndərli