ABŞ Hərbi Hava Qüvvələrinin sisteminə kiberhücum edilib
ABŞ Hərbi Hava Qüvvələrinin əsas bulud hesablama platforması olan “Cloud One” hakerlərin hücumuna məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin üç mənbəyə istinadən yaydığı məlumata görə, kiberhücum son bir ay ərzində sistemin yenilənməsi işləri zamanı aşkarlanıb. Hadisə platformanın fəaliyyətində müəyyən pozuntulara səbəb olub.
Məlumata əsasən, “Cloud One” platforması hərbi qulluqçuların şəxsi məlumatları, əməkhaqqı, logistika, texniki xidmət və hava hücumundan müdafiə sistemləri ilə bağlı məlumatların idarə olunmasında istifadə edilir.
Hücumun kimlər tərəfindən həyata keçirildiyi, sistemə nə dərəcədə müdaxilə edildiyi və hər hansı məlumatın ələ keçirilib-keçirilmədiyi hələlik müəyyənləşdirilməyib.
“Reuters”in məlumatına görə, insidentin nəticələrinin qiymətləndirilməsi üçün ABŞ-ın Kiber Komandanlığı da prosesə cəlb edilib. Hücumdan sonra platformaya yeni tətbiqlərin köçürülməsi dayandırılıb, mövcud proqram təminatının yenilənməsinə məhdudiyyətlər qoyulub və bəzi istifadəçilərin administrator səlahiyyətləri ləğv edilib.
ABŞ Hərbi Hava Qüvvələri isə konkret şəbəkə və sistemlərin təhlükəsizlik vəziyyəti ilə bağlı şərh verməkdən imtina edib. Qurum məlumatların və hərbi əməliyyat imkanlarının qorunması üçün müvafiq tədbirlərin davam etdirildiyini bildirib.
Hadisə ilə bağlı araşdırma davam edir.