Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq yaradır
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı hərbi müdafiəni nəzərdə tutan saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.
TodayPress TV xəbər verir ki, bununla bağlı prezident fərmanı Türkiyənin rəsmi hökumət qəzeti “Resmi Gazete”də dərc olunub.
2026-cı il avqustun 7-də Məkkədə imzalanan sazişə əsasən, üç ölkədən birinə xarici dövlət tərəfindən silahlı hücum edilməsi digər iki ölkəyə də hücum kimi qiymətləndiriləcək.
Belə vəziyyətdə tərəflər hücuma məruz qalan ölkəyə yardım göstərmək üçün mövcud imkanlarından istifadə edəcəklər.
Sənəddə hərbi yardımın xarakteri və həcminin hər bir hadisə üzrə ayrıca müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu zaman ölkələrin hərbi imkanları və BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilən özünümüdafiə hüququ nəzərə alınacaq.
Qeyd edək ki, Pakistan və Səudiyyə Ərəbistanı sazişin təsdiqi prosedurlarını daha əvvəl başa çatdırıb. Sənədin qüvvəyə minməsi üçün yekun təsdiq qərarının Birgə Müdafiə Komitəsinin katibliyinə təqdim edilməsi nəzərdə tutulur.
Türkiyə rəsmiləri isə sazişin avtomatik olaraq hərbi qoşun göndərilməsi öhdəliyi yaratmadığını bildiriblər.
Türkan İsgəndərli