Azərbaycanda sənədsiz evlərlə bağlı böyük dəyişiklik gözlənilir – Zahid Oruc vahid proqram təklif etdi
Azərbaycanda sənədsiz evlərin və torpaq sahələrinin mərhələli şəkildə rəsmiləşdirilməsi üçün vahid dövlət proqramına ehtiyac var.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında Mülki Məcəllədə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.
O bildirib ki, təqdim olunan qanun layihəsi dövlətimizin həyata keçirdiyi əmlak amnistiyası siyasətinin növbəti nümunəsidir.
"Mülki Məcəllənin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinə torpaq sahəsinin planı və ölçüsü sənədinin dövlət qeydiyyatı üçün əsas sayılması barədə müddəa əlavə olunur. Hüquqi təşəbbüs on illərdir torpağından istifadə edən, lakin mülkiyyət hüququnu rəsmiləşdirə bilməyən vətəndaşlar üçün humanist xarakterli mühüm qərar olduğu üçün onu müdafiə edirik. Layihənin nə qədər vətəndaşı əhatə edəcəyinə dair məlumatların da yer almasına ehtiyac var".
Deputat əlavə edib ki, torpaq islahatı çərçivəsində vətəndaşlara verilmiş həyətyanı sahələrin bir hissəsi əvvəlki dövrlərdə mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələrlə rəsmiləşdirilsə də, sonradan bir sıra şəxslərə yalnız plan-ölçü sənədləri təqdim edilib:
"Eyni hüquqi əsaslarla torpaq alan insanlar arasında iki fərqli vəziyyət yarandı: birinin şəhadətnaməsi mülkiyyət hüququnun qeydiyyatı üçün kifayət edirdi, digərinin plan-ölçü sənədi isə hüquqmüəyyənedici sənəd sayılmırdı.
İndi yaranan uyğunsuzluğun aradan qaldırılması nəzərdə tutulur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2015-ci il fevralın 6-dək tərtib olunmuş plan-ölçü sənədləri müəyyən edilmiş hallarda dövlət qeydiyyatının hüquqi əsasına çevriləcək".
Millət vəkili Prezident İlham Əliyevin daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində həyata keçirdiyi islahatları da xatırladıb.
"Xüsusilə də 2011-ci ildə Bakı Şəhər İcra Hakimiyyətindəki müşavirədən sonra paytaxtda və ətraf qəsəbələrdə sənədsiz evlərin kütləvi qeydiyyatı aparıldı, qısa müddətdə 114 minə yaxın vətəndaşın əmlak hüququ tanındı. 2015-ci il yanvarın 13-də verilən fərman sovet dövründən qalan sənədləri hüquqi əsas kimi qəbul etdi. 2023-cü il iyunun 14-də imzalanan fərman qeyri-yaşayış obyektlərinin rəsmiləşdirilməsi və təhlükəsizlik tələblərinə cavab verən obyektlərin istismarına icazə üçün xüsusi mexanizm yaratdı. Rəsmi açıqlamaya görə, 40 mindən çox qeyri-yaşayış tikilisinin statusu həll olunacaqdı".
Parlamentari rəsmi məlumatlara əsasən, 2025-ci ilin oktyabrınadək təxminən 19 min müraciətin daxil olduğunu, yalnız 4 minə yaxın obyektin reyestrdə qeydiyyata alındığını bildirib.
"Rəqəmlər göstərir ki, prosesin daha da sürətlənməsinə ehtiyac var. Araşdırmalar zamanı vahid portalda müraciətlərin qəbulu əlçatan olsa da, sonrakı mərhələlərdə dövlət qurumları arasında məlumat mübadiləsinin aylarla uzanması, yoxlamaların qeyri-məhdud qaydada davam etməsi və texniki rəylər obyektlərin rəsmiləşməsinə imkan vermir".
Zahid Oruc sənədsiz evlərin və torpaq sahələrinin sayı ilə bağlı fərqli rəqəmlərin səsləndirildiyini, lakin vahid inventarlaşdırmanın aparılmadığını deyib.
"Sənədsiz evlərin və torpaq sahələrinin sayı haqqında uzun illərdir fərqli rəqəmlər səsləndirilir, lakin qeyri-rəsmi statistika vahid inventarlaşdırmaya əsaslanmır. Biz bu problemləri bir-birindən fərqləndirməliyik. Birinci qrupda vaxtilə qanuni əsaslarla torpaq və mənzil əldə etmiş, lakin sənədləri tam rəsmiləşdirilməmiş vətəndaşlar dayanır. İkinci qrupda torpaq üzərində hüququ müəyyən qədər təsdiqlənən, amma tikinti sənədləri olmayan evlər var. Üçüncü qrup isə dövlət, bələdiyyə, kənd təsərrüfatı, sənaye və digər təyinatlı torpaqlarda icazəsiz tikilmiş obyektlərdən ibarətdir.
Fərqli qrupların hüquqi vəziyyəti müxtəlifdir və onlara eyni qaydanı tətbiq etmək mümkün olmaz. Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin problemin mürəkkəbliyini göstərir. Onun bildirdiyinə görə, quruma daxil olan müvafiq müraciətlərin 70 faizdən çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda yaranmış yaşayış massivləri ilə bağlıdır.
Əmlak Məsələləri Dövlət Xidmətinin peşəkar fəaliyyətini xüsusi qeyd edərək, elektron qeydiyyat, torpaq koordinatlarının dəqiqləşdirilməsi və vahid kadastr sisteminin yaradılması sahəsində yeni imkanların formalaşdığını xüsusi qeyd etmək olar".
O, Əmlak Məsələləri Dövlət Xidmətinin elektron qeydiyyat, torpaq koordinatlarının dəqiqləşdirilməsi və vahid kadastr sisteminin yaradılması sahəsində fəaliyyətini xüsusi vurğulayıb.
"2025-ci ildə ölkə üzrə 364 min 136 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Onların 70 min 596-sı ilkin, 293 min 540-ı isə təkrar qeydiyyat olub. Lakin qeydiyyatsız əmlakın sosial nəticələri ağırdır. Vətəndaş sənədsiz evi vərəsəlik hüququ ilə ötürə, sata, girov qoyub kredit ala bilmir. 2023-cü ildən sonra rəsmi sənədi olmayan evlərə qaz və digər kommunal xidmətlər də göstərilmir, əmlakın bazar dəyəri xeyli aşağı düşür".
Deputat Bakı və Abşeron ərazisində dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılan araşdırmanın nəticələrini də açıqlayıb.
"Birinci nəticə odur ki, söhbət müvəqqəti tikililərdən getmir, on illərlə formalaşan yaşayış massivlərindən gedir. Sorğuda iştirak edən ailələrin 33,2 faizi sənədsiz evlərdə 20 ildən artıq, daha 36,8 faizi isə 10 ildən 20 ilə qədər yaşayır. Yəni ailələrin təxminən 70 faizi on ildən çoxdur eyni ünvanda məskunlaşıb.
Araşdırmanın sosial mahiyyəti də çox önəmlidir. Sorğuda iştirak edənlərin 27,9 faizinin aylıq gəliri 400 manat və ondan aşağı, 35,6 faizinin isə 400–1000 manat arasındadır. Deməli, sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsi aztəminatlı və orta gəlirli ailələrdir.
Uzun müddətli problemin həlli dövlətimizin əhalinin həssas təbəqələrinə göstərdiyi qayğının nümunəsi olacaq".
Komitə sədri qeyd edib ki, sənədsiz evlərin 81 faizi birmərtəbəlidir, böyük hissəsi 51–150 kvadratmetr ölçüsünə malik fərdi yaşayış sahələridir:
"Evlərin 60 faizini sakinlər özləri tikib, 27 faizini satın alıb. Deməli, rəsmiləşməyən evlərin hamısına eyni hüquqi yanaşma tətbiq etmək olmaz. 2023-cü ilədək tikilən sənədsiz evlərin böyük əksəriyyəti kommunal xidmətlərlə təmin olunub: 100 faizinə elektrik, 98 faizinə qaz, 88 faizinə isə su xətti çəkilib. Lakin yalnız 47 faizi mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulub.
Göründüyü kimi, dövlətin kommunal xidmət qurumları uzun illər sənədsiz evləri faktiki yaşayış vahidi kimi qəbul edib, lakin mülkiyyət hüquqları rəsmiləşdirilməyib".
Zahid Oruc ölkədə mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac olduğunu bildirib.
“Ölkəmizdə mərhələli əmlak amnistiyasına və bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var. Sənəddə bütün sənədsiz evlər və torpaqlar vahid bazada inventarlaşdırılmalı, qeydiyyata yararlı olanlar məhkəməyə getmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməli, mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda saxlanılmalı, həmin ərazilərin sakinlərinə isə alternativ təkliflər edilməlidir. Lakin amnistiya yeni qanunsuz tikintilərə də yol açmamalıdır.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması əmlakın dövlət qeydiyyatı sahəsində tarixi qərarlar üçün fürsətdir".
Türkan İsgəndərli