Azərbaycanda kimlərin pensiya yaşı azaldılacaq? - AÇIQLAMA
Sosial
07.01.2026 15:49
"Pensiya yaşının hər iki cins üçün eyni olması ədalətlidir. Qadınlar çoxdan gender bərabərliyini tələb edirdilər və hökumət də bu tələbi qəbul etdi və indi bərabərlik bütün sahələrdə, o cümlədən pensiyalarda mövcuddur. Yəni mövcud sistem bu baxımdan ədalətlidir. Hətta qadınlar üçün daha üstün vəziyyətdir, çünki qadınlar kişilərdən daha uzun yaşayırlar".
Bu fikirləri TodayPress TV-yə açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, əgər tam ədalətli yanaşsaq, kişilərin pensiya yaşı aşağı olmalıdır:
"Sosial parametrlər əsasında fərqli yanaşma da ola bilər. Bu, ədalət prinsipinə əsaslanmalıdır. Məsələn, səhhətində ciddi problem olan və əlilliyi olan şəxslərin, ağır fiziki və zərərli işlərdə çalışanların, müharibə qəhrəmanlarının, çoxuşaqlı valideynlərin pensiya yaşı da 5 il aşağı salınmalıdır".
Sosioloqun fikrincə, ölkəmizdə pensiya yaşı digər ölkələrlə müqayisədə yüksəkdir:
"5 il aşağı salınsa, daha yaxşı olardı. Çünki 50 il əvvəllə müqayisədə gözlənilən ömür uzunluğu da azalıb. Hazırda kişilərin təxminən yarısı, qadınların isə üçdə biri pensiya yaşına çatmadan dünyasını dəyişir və pensiya ala bilmir. Beləliklə, həmin şəxslər 30-35 il işləyib, pensiya kapitalı yığsalar da, bu vəsaiti əldə edə bilmirlər. Bir çox ölkələrdə bu pullar onların varislərinə ötürülür və bizdə də belə olsa yaxşı olardı".
Ekspert əlavə edib ki, pensiya yaşına çatmış insanların da əksəriyyəti pensiya kapitalını almaq üçün kifayət qədər uzun (65+12 il) yaşamır:
"Bu halda onlar pensiya kapitallarının böyük hissəsini ala bilmirlər. Bu səbəbdən pensiya yaşına çatmış şəxslərin bu kapitalı birdəfəlik ala bilməsini təmin etmək daha məqsədəuyğun olardı. Həmin şəxs daha sonra bu vəsaitlə biznes qurub daha rahat yaşaya bilərdi. Ümumiyyətlə, pensiya sistemində dəyişikliklərə ehtiyac var".
Qeyd edək ki, Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Belə ki, iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı isə dəyişməyəcək, 65 il olacaq.
Türkan İsgəndərli
tag: Elçin Bayramlı,Sosioloq,Kişilər,Pensiya,Todaypress.tv,
