Zahid Oruc: Tarixi Qələbəmizə görə bizi bağışlamırlar

Zahid Oruc: Tarixi Qələbəmizə görə bizi bağışlamırlar
13.10.2026 13:26 Siyasət

"Azərbaycana qarşı təzyiqlərin arxasında ölkənin tarixi Qələbəsini və müstəqil siyasətini həzm edə bilməyən qüvvələr dayanır. Ölkəyə hərbi müdaxilənin mümkün olmadığı şəraitdə daxili ziddiyyətləri dərinləşdirmək, sosial narazılığı dövlətçilik əleyhinə yönəltmək və dini simvollardan siyasi səfərbərlik vasitəsi kimi istifadə etmək cəhdləri var".

TodayPress TV xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında səsləndirib.

Zahid Oruc qeyd edib ki, Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan xalqının birliyini və siyasi həmrəyliyini daha da möhkəmləndirib. Bununla belə, onun sözlərinə görə, hərbi meydanda məğlubiyyətə uğrayan qüvvələr ideoloji və informasiya məkanında mübarizəni davam etdirirlər:

"Azərbaycanın Zəfərini yalnız xarici paytaxtların mövqeyi və ölkəyə satılan silahlarla əlaqələndirmək dövlətin iradəsini, ordunun gücünü və xalqın qətiyyətini kölgədə qoymaq cəhdidir. Ali Baş Komandanın Qələbənin təkbaşına qazanılması ilə bağlı mesajı heç bir xarici dəstəyi inkar etmədən, tarixi Zəfərin əsas müəllifinin Azərbaycan dövləti, ordusu və xalqı olduğunu ifadə edir.

Ölkəyə qarşı hücumların məhz indiki mərhələdə intensivləşməsi təsadüfi deyil. Ermənistanla sülh danışıqlarının həlledici mərhələyə çatması və Azərbaycanın qlobal təhlükələr fonunda yeni təhlükəsizlik arxitekturası qurması bu prosesin mühüm amilləridir".

Zahid Oruc bildirib ki, Qarabağ münaqişəsinin Azərbaycanın iradəsi ilə həll edilməsi və Ermənistan məsələsinin əvvəlki təsir imkanlarını itirməsi bir sıra xarici qüvvələrin maraqlarına uyğun gəlmir. Onun sözlərinə görə, bu qüvvələr dini inanclardan istifadə etməklə milli kimliyi azərbaycançılığa qarşı yönəltməyə və ölkədə dövlətçilik əleyhinə mövqe formalaşdırmağa çalışırlar.

Komitə sədri hesab edir ki, dini dəyərlərin siyasi məqsədlər üçün istismarı və dövlət idarəçiliyinin dini prinsiplər əsasında qurulmasına yönələn çağırışlar Azərbaycanın müstəqilliyinə ziddir. O vurğulayıb ki, Azərbaycanın müsəlman ölkəsi olması onun islam dövləti modelini seçməsi demək deyil. Eyni zamanda, ölkənin türk kimliyi və Qərblə, Şərqlə əməkdaşlığı onun hər hansı xarici dövlətin təsiri altında olması anlamına gəlmir.

Deputat çıxışında Azərbaycanın tarixən müxtəlif xarici mərkəzlərdən xilaskar və himayədar gözləyən qüvvələrlə üzləşdiyini də xatırladıb. O bildirib ki, beynəlxalq tərəfdaşlıq vacib olsa da, dövlətin təhlükəsizliyinin və müstəqilliyinin əsas təminatçıları xalqın iradəsi, güclü vətəndaş cəmiyyəti və qəhrəman ordudur.

Zahid Orucun sözlərinə görə, 2020-ci ildə əldə edilən Qələbənin ən mühüm ideoloji nəticəsi Azərbaycanın öz taleyini başqalarının qərarlarından asılı etmədən müəyyənləşdirdikdə uğur qazanmasının nümayişidir.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər