Moskva Krım uğrunda ölümünə savaşa girir

Moskva Krım uğrunda ölümünə savaşa girir
24.06.2026 10:50 Siyasət

Rusiya üçün Krım Vladimir Putinin hakimiyyət dövrünün ən böyük rəmzi və Kremlin "əbədi torpaq" kimi təqdim etdiyi siyasi xəzinədir. Elə 2022-ci ildə başlayan müharibənin əsas hədəflərindən biri də yarımadanı quru yolu ilə Rusiyaya birləşdirmək idi. İndi mənzərə göstərir ki, Moskva artıq Krımı əlində saxlamaq üçün hər şeyini ortaya qoyur.

Sevastopol hərbi dəniz bazası, cənub cəbhəsinin logistika mərkəzi və Ukraynanı vuran raket-dron platforması olan bu yarımadanın itirilməsi və ya tam blokadaya düşməsi Kreml üçün hərbi iflasla bərabər, həm də siyasi fəlakət deməkdir. Bu səbəbdən Moskva eyni vaxtda həm paytaxtı, həm Krımı, həm də cəbhə xəttini qorumağa çalışsa da, Ukraynanın ardıcıl zərbələri bu planı pozur.

İyunda Krımda yaranan kəskin yanacaq böhranı vəziyyətin nə dərəcədə kritik olduğunu deyir.

Ukrayna ordusunun Kerç körfəzinə, Mariupol istiqamətindəki quru dəhlizinə və neft anbarlarına endirdiyi zərbələr nəticəsində yarımadada mülki əhaliyə benzin satışı dayandırılıb, yanacaq yalnız hərbçilərə və dövlət qurumlarına paylanır.

Bu isə kilometrlərlə uzanan növbələrə, işıq kəsintilərinə və turizm mövsümünün tamamilə batmasına yol açıb. Rusiya daxilindəki neft emalı zavodlarının vurulması ümumi istehsalı rəsmən aşağı salıb və cəbhədəki rus qoşunlarının hücum tempini zəiflədib. İndi Kreml çox çətin bir seçimlə üz-üzədir. Putin bilmir, paytaxtı qorusun, Krımı saxlasın, yoxsa cəbhədə irəliləsin...

Rusiyanın S-300 və S-400 hava hücumundan müdafiə sistemləri Ukrayna dronlarının hədəfinə çevrilərək ciddi şəkildə sıradan çıxıb.

Elektron müharibə sistemləri birtəhər vəziyyəti idarə etməyə çalışsa da, real raket ehtiyatını əvəz edə bilmir. Buna görə də Baş Qərargah hava hücumundan müdafiə qüvvələrini yalnız ən strateji nöqtələrə — Moskvaya, Kerç körpüsünə və əsas neft zavodlarına çəkir, qalan bölgələr isə müdafiəsiz qalır.

Baş Qərargah rəisi Valeri Gerasimovun siyasi rəhbərliyə bütün istiqamətləri eyni vaxtda qorumağın qeyri-mümkünlüyü barədə hesabat verməsi gözlənilir.

Bütün bunlara rəğmən, Moskva Krım uğrunda  axıra qədər gedəcək. Çünki yarımada əldən çıxsa, müharibənin heç bir ideoloji mənası qalmır. Cənubdan rus ordusu mühasirə daxilində logistikasız qalır.

Ukrayna bunu hədəfləyir: Krımı sanksiyalar və zərbələrlə  "ada"ya çevirmək, Rusiyanı daxildən tükəndirmək. Rusiyanın hələ də böyük ətdən divarı və hərbi potensialı olsa da, Krım artıq Moskva  üçün həm əsas güc rəmzi, həm də müharibənin taleyini həll edəcək ən zəif, ən baha başa gələn nöqtədir. 

Jalə Rövşən

XƏBƏR LENTİ
24 IYUN 2026
Bütün Xəbərlər