Marsın Şimal qütbündə alimləri təəccübləndirən kəşf edildi
Marsın Şimal qütbündəki su buzunun alimlərin düşündüyündən xeyli təmiz olduğu məlum olub.
TodayPress TV xəbər verir ki, əvvəllər tədqiqatçılar Qırmızı planetin şimalındakı buz qatında tozun daha çox olduğunu düşünürdülər. Lakin yeni araşdırma bu ehtimalı təkzib edib.
Vaşinqton Universitetinin alimi Aditya Kuller və komandası apardıqları təhlillər nəticəsində tozun buzun ümumi həcminin cəmi 3 faizini təşkil etdiyini müəyyən ediblər. Bu isə buz qatının olduqca təmiz və işıqlı olduğunu göstərir.
Alimin sözlərinə görə, buzun tərkibində tozun çox olması onun daha sürətlə isinməsinə və buxarlanmasına səbəb olur. Təmiz buz isə Günəş işığını daha çox əks etdirir və bərk haldan birbaşa qaz halına keçərək sublimasiyaya daha az məruz qalır.
Araşdırma zamanı Mars ətrafında fəaliyyət göstərən bir neçə orbital aparatın, o cümlədən “Mars Express”, “Mars Reconnaissance Orbiter” və “Mars Odyssey” cihazlarının məlumatlarından istifadə edilib.
Qeyd edək ki, Marsın hər iki qütbündə buz örtüyü mövcuddur. Planetin qış mövsümündə qütblər donmuş karbon qazından ibarət nazik qatla da örtülür. Tədqiqatlara görə, bu qatın qalınlığı cənub qütbündə bir neçə on metrə çatdığı halda, şimal qütbündə təxminən bir metr təşkil edir.
Kübra Musayeva