Hicab namusdursa, bəs hicabsızlar?!

Hicab namusdursa, bəs hicabsızlar?!
12.10.2026 15:49 Təhlil

Məktəblərdə vahid geyim forması ilə bağlı qəbul edilən qərardan  sonra cəmiyyətdə müxtəlif istiqamətli fikirlər səsləndirilir. Bəzi şəxslər bu addımı “hicaba qadağa” kimi dəyərləndirir, hətta daha da irəli gedərək “hicab namusdur, dövlət namusa toxunur” kimi kəskin ifadələr işlədirlər. Bəs əslində məsələnin mahiyyəti nədir? Nə üçün məktəbli geyimi ilə bağlı qaydalar bu qədər emosional müzakirələrə səbəb olur?

İlk növbədə, “hicab namusdur” yanaşmasına diqqət yetirək. Din və inanc insanın mənəvi dünyası ilə bağlıdır. Hicab taxmaq və ya taxmamaq fərdi inanc və seçim məsələsidir. Lakin namus kimi milli-mental, dərin mənəvi anlayışı yalnız bununla  əlaqələndirmək düzgündürmü? Belə yanaşma istər-istəməz sual doğurur: Yaxşı onda hicab taxmayan qadınların namusu və mənəvi dəyərləri hansı meyarla ölçülür?  İnsanın namusu onun davranışı, dürüstlüyü, mənəvi dəyərləri və vicdanı deyilmi?

Azərbaycanda dini mənsubiyyətə dair mövcud məlumatlar əhalinin böyük əksəriyyətinin özünü müsəlman hesab etdiyini göstərir. ABŞ Dövlət Departamentinin dini azadlıqla bağlı hesabatında Dövlət Komitəsinin 2011-ci il məlumatlarına istinadən ölkə əhalisinin 96 faizinin müsəlman olduğu, onların təxminən 65 faizinin şiə, 35 faizinin isə sünni olduğu bildirilir. Bununla belə, dini mənsubiyyət insanın gündəlik ibadətlərə münasibətini və ya hicab taxıb-taxmamasını müəyyən etmir. Ümumdünya Dəyərlər Sorğusunun 2011-ci il nəticələrinə əsaslanan araşdırmada respondentlərin 97,1 faizi özünü müsəlman hesab etdiyi halda, 26,7 faizi özünü "dindar" adlandırıb. Bu fərq dini kimliklə dini praktikanın eyni anlayış olmadığını göstərir. Azərbaycanda hicablı xanımların faiz göstəricisi ilə bağlı məlumat olmasa da, yuxarıdakı məlumata əsaslanaraq deyə bilərik ki, təxminən 70 faiz xanım hicabda deyil. Qadının namusunu yalnız geyimi ilə ölçmək, hicab taxmayan qadınların mənəvi dəyərlərini şübhə altına almaq düzgün yanaşma sayıla bilməz.

Birmənalı olaraq qəbul etmək lazımdır ki, məktəblərdə vahid geyim formasının tətbiqi  təhsil müəssisələrində müəyyən edilmiş qaydalarla bağlıdır. Məktəb elə bir mühit olmalıdır ki, uşaqlar sosial statusundan, ailəsinin maddi imkanlarından və fərqli baxışlarından asılı olmayaraq bərabər şəraitdə təhsil ala bilsinlər. Vahid geyim formasının məqsədlərindən biri də şagirdlər arasında zahiri fərqləri azaltmaq, intizamı qorumaq və təhsil mühitində ümumi qaydaları təmin etməkdir.

Məktəb həm də uşaqların dünyagörüşünün formalaşdığı, fərqli fikirlərlə tanış olduğu bir məkandır. Buna görə də təhsil müəssisələrinin dini və siyasi mübahisələrin meydanına çevrilməməsi, diqqətin təhsilə və uşaqların inkişafına yönəlməsi vacibdir.

Təəssüf ki, belə mövzular bəzən ictimai rəydə qarşıdurma yaratmaq üçün də istifadə olunur. “Hicabımıza qadağa qoyulur” kimi çağırışlar məsələnin mahiyyətini arxa plana keçirərək müzakirələri emosional müstəviyə daşıyır. 

Bu cür yanaşmaların hansı məqsədə xidmət etdiyini anlamaq üçün səsləndirilən fikirlərə, onların mənbəyinə və konkret faktlara diqqət yetirmək lazımdır.

Ailələrin və cəmiyyətin qarşısında duran əsas vəzifə uşaqları dini və ideoloji mübahisələrdən uzaq tutmaq, onların keyfiyyətli təhsil almasına, sərbəst düşünməsinə və sağlam mühitdə böyüməsinə şərait yaratmaqdır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər