Nobel mükafatı laureatları milyonlarla dolları nəyə xərcləyirlər?
Nobel mükafatı laureatları qazandıqları milyonlarla dolları yalnız şəxsi rifahlarını yaxşılaşdırmaq üçün deyil, elmi araşdırmaların maliyyələşdirilməsi, təhsilin inkişafı, xeyriyyəçilik və cəmiyyətə fayda verən layihələr üçün də istifadə edirlər. Bununla belə, bəzi alimlər mükafat pullarını şəxsi arzularını reallaşdırmağa, sevdikləri insanlarla vaxt keçirməyə və həyatlarında iz qoymuş şəxslərə təşəkkür etməyə sərf edirlər.
TodayPress TV xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili sosial media hesabında Nobel mükafatı laureatlarının qazandıqları vəsaiti necə xərcləmələri ilə bağlı maraqlı nümunələr paylaşıb.
Deputat qeyd edib ki, hər il oktyabrın əvvəlində fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və sülh sahələrində mühüm nailiyyətlərə görə Nobel mükafatlarının qalibləri elan olunur. Mükafatların təqdimatı iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının açıqlanması ilə tamamlanır. Bu mükafat 1968-ci ildə İsveçin Mərkəzi Bankı – Riksbank tərəfindən Alfred Nobelin xatirəsinə təsis edilib:
"Nobel mükafatının pul məbləği təxminən 1,2 milyon dollar təşkil edir və bir çox laureat bu vəsaitin ən azı bir hissəsini elmi araşdırmalara, təhsilə və xeyriyyəçilik fəaliyyətinə yönəldir".
Deputatın diqqətə çatdırdığı nümunələrdən biri 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Robert Mundellin seçimidir. O, mükafatın pulunu İtaliyanın Siena şəhəri yaxınlığında yerləşən, XVI əsrə aid yarıuçuq sarayın bərpasına sərf edib. Sonradan həmin saray iqtisadçıların və maliyyə mütəxəssislərinin elmi konfranslar keçirdiyi məkana çevrilib:
"2023-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazanan Klaudiya Qoldin isə mükafat vəsaitini Harvard Universitetində iqtisadi tarix üzrə araşdırmaların maliyyələşdirilməsinə bağışlayıb. Qadınların iqtisadiyyatda rolunu araşdıran alim, eyni zamanda, Qadınlar Milli Basketbol Assosiasiyasının həmkarlar ittifaqına ödənişsiz məsləhətlər verərək idmançıların maaşlarının beş dəfə artırılmasına kömək edib. Fizika üzrə 1986-cı il Nobel mükafatı laureatı Dadli Herşbax mükafatının bir hissəsini klassik musiqini dəstəkləyən fondlara verib. Digər hissəsi ilə Harvard Universitetinin tanınmış astronomu Sesiliya Peyn-Qapoşkinin portretini sifariş edərək universitetə hədiyyə edib. Peyn-Qapoşki ulduzların kimyəvi tərkibinin müəyyənləşdirilməsində mühüm rol oynamış alimlərdən biri olub.
İqtisadçı Amartya Sen isə 1998-ci ildə qazandığı Nobel mükafatının vəsaiti hesabına Hindistanda Pratichi Trust adlı xeyriyyə təşkilatının yaradılmasına dəstək verib. Təşkilat aztəminatlı ailələrin uşaqlarına təhsil və tibbi yardım göstərir. Senin sözlərinə görə, mükafat ona ürəyinə yaxın olan işlərə daha çox vəsait ayırmaq imkanı yaradıb.
Digər maraqlı nümunə iqtisadçı Erik Maskinlə bağlıdır. 2007-ci ildə Nobel mükafatı qazanan alim vəsaitin böyük hissəsini Pensilvaniyada əlilliyi olan uşaqlar üçün fəaliyyət göstərən məktəbə bağışlayıb. Onun oğlu da erkən yaşlarında ağır baş-beyin travması keçirdikdən sonra həmin məktəbdə təhsil alıb. Maskin bu addımı ailəsinə göstərilən dəstəyə görə təşəkkür kimi qiymətləndirib.
Tibb üzrə 2000-ci il Nobel mükafatı laureatı, neyrobioloq Pol Qrinqard isə qazandığı vəsaiti anasının adını daşıyan elmi mükafatın yaradılmasına yönəldib. O, doğulduğu zaman anasını itirib. Hazırda həmin mükafat biotibb sahəsində çalışan qadın alimlərə verilir.
İqtisadiyyat üzrə Nobel mükafatını 2009-cu ildə qazanan ilk qadın alim Elinor Ostrom da vəsaitini elmin inkişafına sərf edən laureatlardandır. O, mükafat pulunu həyat yoldaşı ilə birlikdə yaratdığı, İndiana Universitetində fəaliyyət göstərən Siyasi Nəzəriyyə və Siyasət Təhlili Mərkəzinin inkişafına yönəldib. Ostrom həmin mərkəzdə elmi ideyalarını inkişaf etdirib və gənc alimlərin yetişməsinə töhfə verib.
2019-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülən Ester Düflo isə həmkarları Abhicət Banerci və Maykl Kremerlə birlikdə mükafat vəsaitlərini Harvard Universitetində inkişaf iqtisadiyyatı üzrə araşdırmaları dəstəkləyən fonda yönəldib".
Millət vəkili qeyd edib ki, bütün laureatlar pullarını elmi və xeyriyyə məqsədlərinə sərf etmirlər. Bəziləri şəxsi istəklərini reallaşdırmağa və yaxınlarını sevindirməyə üstünlük verirlər.
"Belə ki, 2003-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı qazanan Robert Enql mükafatın pulu ilə Nyu-York ştatının Hadson vadisində bağ evi alıb. O, həmin sakit məkanda düşünmək və yaradıcılıqla məşğul olmaq istəyib.
2001-ci ildə tibb üzrə Nobel mükafatı qazanan biokimyaçı Pol Nörs isə mükafat vəsaitinin bir hissəsini bahalı motosiklet almağa sərf edib.
Tibb üzrə 2019-cu il Nobel mükafatı laureatı Uilyam Kelinin seçimi isə fərqli olub. O, mükafat pulunun xeyli hissəsini iki təntənəli şam yeməyinin təşkilinə xərcləyib. Tədbirlərdən birinə ailəsini və dostlarını, digərinə isə tələbələrini və həmkarlarını dəvət edib. Alim bunu uğurunun əldə olunmasına töhfə verən insanlara təşəkkür etmək üsulu kimi dəyərləndirib".
Tahir Mirkişilinin paylaşımında vurğulanıb ki, bu nümunələr Nobel mükafatı laureatları üçün pulun dəyərinin yalnız şəxsi rifahla ölçülmədiyini göstərir. Bəzi alimlər elmin inkişafına, digərləri uşaqların gələcəyinə, bir başqaları isə həyatlarında iz qoymuş insanlara təşəkkür etməyə üstünlük verirlər.
Deputatın fikrincə, əsas məsələ əldə edilən imkanlardan insanın özü üçün həqiqətən dəyərli olan işlər naminə istifadə etməsidir.
Türkan İsgəndərli