İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTOLAR
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli Sərdar Qurbanquliyeviç.
Hörmətli həmkarlar.
Əvvəlcə, hörmətli Türkmənistan Prezidentinə ənənəvi qonaqpərvərliyə görə təşəkkürümü
bildirmək istəyirəm.
Hörmətli Şavkat Miromonoviç Mirziyoyevə Özbəkistanın 2027-ci ildə sədrliyi
dövründə böyük uğurlar arzulayıram.
Türkmənistana hər səfər ən dərin təəssüratlar yaradır. Ölkənin necə dinamik
inkişaf etdiyi görünür, qardaş Türkmənistan xalqının uğurları bizdə səmimi
sevinc hissləri doğurur. Azərbaycan ilə Türkmənistan arasında münasibətlər çoxəsrlik
dostluq, qardaşlıq əlaqələrinə əsaslanır və strateji tərəfdaşlıq xarakteri
daşıyır.
Ölkələrimiz arasında ən yüksək səviyyədə təmasların intensiv xarakterini məmnunluqla
qeyd edirik.
2025-ci ilin avqustunda Türkmənistana səfər etdim, keçən il Türkmənistan
Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədov iki dəfə Azərbaycana
səfər etdi və bu ilin iyununda isə Türkmənistan Prezidenti Sərdar
Qurbanquliyeviç Berdiməhəmmədov ölkəmizə dövlət səfərinə gəldi. Bu təmaslar
ikitərəfli münasibətlərə əlavə təkan verdi və bir çox sahələrdə əməkdaşlığın
genişləndirilməsi üçün yeni imkanlar yaratdı.
Bu il Müstəqil Dövlətlər Birliyi özünün 35 illiyini qeyd edir. Ötən illər ərzində
MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf
etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac
duyulan platforma kimi özünü təsdiqləyib.
Humanitar sahədə əməkdaşlıq əsas
istiqamətlərdən biridir. Laçın şəhərinin Birliyin mədəniyyət paytaxtı elan
edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı
bildirmək istəyirəm. Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər
qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa
imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, həmçinin aparılan bərpa
işlərinin miqyasının əyani şahidi ola bildilər.
Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar
idman hadisəsinə çevrildi. Yarışların coğrafiyası ölkəmizin yeddi şəhərini əhatə
etdi. MDB üzv dövlətlərindən, həmçinin dünyanın digər ölkələrindən minlərlə
idmançı və qonaq Azərbaycanda olduqları 11 gün ərzində ölkəmizi və xalqımızı
yaxşı tanıdılar. Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara
çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır.
Əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika
infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat
qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub
və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir.
2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi
10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz
Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən
yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır.
Hörmətli həmkarlar, Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını
dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istərdim. Biz bunu ölkəmizə olan
yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata
keçirilməsində fəal iştirak etməyə hazırıq. Azərbaycan, həmçinin 2028-ci ildə
MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət
Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır.
Diqqətinizə görə təşəkkür edirəm.




