Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi son beş ildə 8,5 dəfə artıb

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi son beş ildə 8,5 dəfə artıb
13.10.2026 11:26 Siyasət

Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstanla iqtisadi əlaqələri son illər dinamik inkişaf edir.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, son beş ildə Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 8,5 dəfə artaraq 77,2 milyon dollara çatıb. Onun sözlərinə görə, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əlaqələr də sürətlə genişlənir.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji münasibətlərin inkişafı iqtisadi əlaqələrin daha da dərinləşdirilməsini zəruri edir.

Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında ticarət dövriyyəsi 1 milyard 765 milyon dollar təşkil edib. Bu, 2024-cü ildəki 1 milyard 152 milyon dollarla müqayisədə 53 faiz artım deməkdir.

O, beynəlxalq yükdaşımalar sahəsində əməkdaşlığın gücləndirilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 2025-ci ildə Azərbaycanla Mərkəzi Asiya arasında daşınan yüklərin həcmi 10 faiz, 2026-cı ilin ilk səkkiz ayında isə 20 faiz artıb.

Vüqar Bayramov diqqətə çatdırıb ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstan arasında əməkdaşlıq təkcə ticarətlə məhdudlaşmır, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.

Deputat, həmçinin Qırğızıstanın üzv olduğu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısının Bakıda keçiriləcəyini xatırladıb. O qeyd edib ki, Azərbaycan 2024-cü ildən bu beynəlxalq platformaya sədrlik edir.

Vüqar Bayramovun sözlərinə görə, 28 dövlətin təmsil olunduğu platformada 10 ölkə müşahidəçi statusuna malikdir. O bildirib ki, platforma iştirakçılarının dünya iqtisadiyyatında əhəmiyyətli payı var və bu baxımdan zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkə üçün mühüm əhəmiyyət daşıyır.

Deputat əlavə edib ki, zirvə toplantısı çərçivəsində Azərbaycana rəsmi səfərlər başlayıb. O, platformada təmsil olunan ölkələrlə, o cümlədən Qırğızıstanla iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər