Kobaxidze Azərbaycana gəlir: Rəsmi səfərin vaxtı açıqlandı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze gələn ilin əvvəlində Azərbaycana rəsmi səfər edəcək. Səfərə hazırlıq işlərinə yaxın vaxtlarda başlanılacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıya səfəri zamanı açıqlama verib.
Nazirin sözlərinə görə, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev, Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirib. O, bu təmasların iki ölkə arasında siyasi dialoqun davam etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Boçorişvili bildirib ki, gələn ilin əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tbilisiyə səfəri də gözlənilir. Bundan əlavə, İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfərinin təşkili istiqamətində hazırlıqlara başlanacaq.
Gürcüstanın XİN rəhbəri Azərbaycanla münasibətlərin strateji xarakter daşıdığını qeyd edib. Onun sözlərinə görə, iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlıq da müxtəlif sahələrdə intensiv şəkildə davam edir.
Nazir əlavə edib ki, mövcud geosiyasi şəraitdə Azərbaycan və Gürcüstanın regional mövqelərinin gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.