Azərbaycan cüdo millisi mundialda 10-cu oldu
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının fərdi yarışlarından sonra ölkələrin yekun sıralaması müəyyənləşib.
TodayPress TV xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) medal cədvəlində Azərbaycan 10-cu pillədə qərarlaşıb.
Millimiz mundialın fərdi yarışlarını bir gümüş və iki bürünc medalla tamamlayıb. Ramazan Əhmədov (+100 kq) gümüş, Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) isə bürünc medal qazanıblar.
Medal cədvəlinə dörd qızıl, iki gümüş və dörd bürünc mükafatla Rusiya başçılıq edib. İki qızıl və bir gümüş medal qazanan Türkiyə ikinci, iki qızıl və bir bürünc medala sahib olan Fransa isə üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan fərdi yarışlarda doqquz oğlan və beş qız olmaqla 14 cüdoçu ilə təmsil olunub.