İranda azərbaycanlıların ən böyük əmanətinə hücum etdilər
İranlı ekspert Ehsan Movahedian Təbrizin "Traktor" futbol klubunu İranın milli birliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə adlandırıb.
O, Təbriz təmsilçisinin azarkeşləri arasında yaranan mübahisələri pantürkizmə bağlayaraq, Türkiyə və Azərbaycanı bu gərginliyi rəsmi şəkildə alovlandırmaqda ittiham edib.
Movahedianın iddiasına görə, Traktor bir vaxtlar Yuqoslaviyada "Dinamo Zaqreb" klubunun oynadığı rolu təkrarlaya, ölkədə etnik parçalanma yarada bilər.
Ekspert hətta bu prosesin arxasında Türkiyə və Bakıdakı “pantürklərin”, həmçinin İngiltərə və İsrailin dayandığını iddia edərək, Cənubi Azərbaycan üçün “Yuqoslaviya ssenarisinin” hazırlandığı cəfəngiyyatını da irəli sürüb.
Onun sözlərinə görə, bu qüvvələrin təhlükəli tendensiyaya təsir imkanları məhduddur.
Yenə də Tehranın Cənubi Azərbaycan türklərinin mədəni kimliyinə qarşı "həssasiyyətinin" şahidi oluruq.
"Traktor FC" İran azərbaycanlılarının ana dili, mədəni hüquqları və etnik qürurunu ifadə etdiyi əsas platformalardan biridir. Matçlarda səslənən şüarlar çox vaxt mədəni tələblərlə bağlıdır, lakin İranın bəzi dairələri bunu həzm edə bilmir, dərhal “ayrılıqçılıq” və xarici təsir kimi təqdim edir.
Bu İran azərbaycanlılarının legitim hüquq tələblərini kriminalizasiya etmək cəhdindən başqa bir şey deyil.
Jalə Rövşən